Manatı nə gözləyir: İnflyasiya təhlükəsi varmı? – TƏHLİL

     Manatı nə gözləyir:    İnflyasiya təhlükəsi varmı? –    TƏHLİL
  02 Avqust 2019    Oxunub:4790
Ölkədə həm manatın məzənnəsi, həm də inflyasiya ilə bağlı vəziyyət kifayət qədər sabitdir. Bu yaxınlarda Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovun da bu barədə açıqlaması bunu ifadə etmişdi. Bunların biri-birinə nə dərəcədə bağlı olduğunu və birinin digərini necə şərtləndirdiyini izah etməyə çalışacağam.
Qeyd oluna bilər ki, bazarda istehlak qiymətlərində artım var, əməkhaqları və pensiyaların artırılması ilə əlaqədar olaraq bir sıra ərzaq məhsulları bahalaşıb və bu proses davam edir. Bəli, ötən yazımda da qeyd etdim ki, bir sıra qiymətlər yüksəlir və rəsmi statistikaya əsasən, 2019-cu ilin yanvar-iyun aylarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak məhsulları və xidmətlərinin qiymətləri 2,5%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları 2,7, qeyri-ərzaq 1,3, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,2% qalxıb. Hansı ki, bütün bunlar ortaq rəqəmlərdir, bir sıra ərzaq məhsulları əslində, daha çox bahalaşıb.

Ancaq valyuta bazarında sabitlikdir, yəni manatın məzənnəsi dəyişmir və bunun üçün ortada heç bir əsas da yoxdur. Prezident yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə də səsləndi ki, bu gün Mərkəzi Bankın sterilizasiyası ilə birlikdə daxili valyuta bazarında 1 milyard ABŞ dollarından çox profisit mövcuddur. Bu isə bütövlükdə manatın məzənnəsinin nəinki bugünkü sabitliyinə, həm də bütövlükdə gözlənilən sabitliyinə təminat verir. Çünki tədiyyə balansı (ölkədən çıxan və ölkəyə girən xarici valyuta), xarici ticarət, yəni idxal və ixrac əməliyyatlarımız da yaxşı vəziyyətdədir, müsbət saldo hökm sürür.

AMB-in sədri E.Rüstəmov da bunu açıqlayıb ki, yanvar-iyun aylarında malların ixracı 15%-dən, qeyri-neft ixracı isə 13%-dən çox artıb. "Neftin orta qiyməti ötən dövrdə 66 dolları üstələyib. Ölkənin strateji ehtiyatları 9,6 faiz, başqa sözlə, 4,3 milyard dollar artaraq 49 milyard dolları keçib",- deyə baş bankir qeyd edib.

Məsələ bundadır ki, elə inflyasiyanı sabit saxlayan, yəni artmağa qoymayan da bu amildir. Belə ki, manat əgər ucuzlaşmağa meyilli olsa idi, bazarda hazırkı mövcud atmosfer və nəzərə çarpan tendensiyalara əsasən, inflyasiya əslində yüksək təzahür edəcəkdi. Çünki dövriyyədə nəğd pul vəsaiti artıb, üstəlik ticarət və xidmət də genişlənib.

Belə ki, 2019-cu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 17977,9 milyon manatlıq məhsul satılaraq, xidmət subyektləri tərəfindən 4090,1 milyon manatlıq ödənişli xidmət göstərilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə əmtəə dövriyyəsinin 2,8% çox olduğu, əhaliyə göstərilən ödənişli xidmətlərdən isə əldə olunan gəlirin 1,5% artdığı, ticarət şəbəkəsindən 8944,9 milyon manatlıq ərzaq, içkilər və tütün məmulatları, 9033,0 milyon manatlıq qeyri-ərzaq məhsulları reallaşdırıldığı deməkdir.

Yeri gəlmişkən, qeyd edim ki, ümumiyyətlə, bizdə nədənsə belə bir təfəkkür var ki, pul gəlirləri artırsa, bazardan alış-veriş, xidmətlərdən istifadə genişlənirsə, qiymətlər yüksəlməli deyil, enməlidir. Əslində isə belə deyil, satış və xidmət səviyyəsi artırsa, demək, tələb yüksəlib və onun tədiyyə qabiliyyətliliyi genişlənib. Buna uyğun olaraq, həm həcm, həm dəyər baxımından təklif də yüksəlməlidir.

Şərhlərimdə də həmişə etdiyim kimi, qiymətləri çox da basqı altında saxlamaq olmaz və bu, mümkün də deyil. Xüsusən də, iqtisadi artımla bağlı tendensiya sarıdan qiymətlərin qalxmasına təsir və zəmin yaradan elementləri çərçivəyə almaq olmaz. Amma bazarın hər hansı bir seqmentində və yaxud da hər hansı bir zəruri istehlak malında süni qiymət artımı baş qaldırarsa, buna sözsüz, yol verilməməlidir... Bununla belə, bazarın təklif sarıdan normal təmin olunması da əsas şərtdir.

Hazırkl vəziyyətdə inflyasiyanı alovlanmağa qoymayan valyuta bazarıdır, başqa sözlə desəm, manatın ucuzlaşmağa deyil, məhz möhkəmlənməyə meyilli olmasıdır. Məlum olduğu kimi, ABŞ dollarının manata görə 1.70-dən aşağı düşməsinə AMB imkan vermir, o səbəbdən ki, dərhal ölkədən ixrac deyil, idxal stimullaşacaq. E.Rüstəmov da qeyd edib ki, ilin əvvəlindən Dövlət Neft Fondunun 800 milyon manatlıq satılmayan vəsaiti vardır ki, bazara çıxmayıb, əgər həmin vəsait bazara çıxarılsa idi, manatın məzənnəsi əhəmiyyətli dərəcədə möhkəmlənəcəkdi.

Onu da qeyd edim ki, inflyasiya özü dolayısı ilə iqtisadi artım göstəricisidir, buna işarədir. Söhbət normal inflyasiya göstəricisindən gedir. Gəlirlər artırsa və yaxud artırılırsa, bu, iqtisadi artım üçün əlavə stimul vasitəsidir. Odur ki, gəlirlərin artması müəyyən həddə inflyasiya yaradırsa, demək, artım baş verib və ya verir. İkirəqəmli inflyasiya isə "cızıqdan çıxma" sayılır və bu, normal iqtisadi proseslərin, yəni effektiv tendensiyanın nəticəsi deyil.

Azərbaycanda ikirəqəmli inflyasiya həmişə neftin dünya bazar qiymətləri düşdükdə, əhalinin gəlirləri azaldıqda təzahür edir. Ölkəmizdə əhalinin maaş və pensiyaları artırıldıqdan sonra ciddi və kəskin şəkildə - yəni, ikirəqəmli səviyyədə heç vaxt inflyasiya baş verməyib. Odur ki, sözün qısası, nə qədər ki, valyuta bazarında sakitçilikdir, manatın məzənnəsi bahalaşmağa meyil göstərir ölkədə faktiki inflyasiya səviyyəsi hökumətin və AMB-in il üçün nəzərdə tutduğu hədəfdən aşağı olacaq.

Yeri gəlmişkən, 2019-cu ildə ölkədə orta illik inflyasiya səviyyəsi 3,1% proqnozlaşdırılıb, 2018-ci ildəsə bu 2,3% təşkil edirdi. Cari ildə inflyasiyanın yüksəlməsi üçün heç bir ciddi əsas yoxdur. Proqnozdan cəmi 1-2% artıq nəticə alına bilər ki, bu da yalnız, əməkhaqqıları və pensiyaların artması ilə əlaqədar dövriyyədə nağd pul vəsaitinin artması ilə əlaqədar baş verə bilər.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Manat   İnflyasiya  





Xəbər lenti