“Çalışırıq ki, insanlar daha yaxşı yaşasınlar” - Prezidentin sakinlərlə söhbəti

“Çalışırıq ki, insanlar daha yaxşı yaşasınlar” -  Prezidentin sakinlərlə söhbəti
  21 May 2019    Oxunub:5033
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışı zamanı qəsəbə sakinləri ilə görüşərək söhbət edib.
Azvision.az dövlət başçısının sakinlərlə söhbətini təqdim edir. Prezident İlham Əliyevi salamlayan Sabunçu qəsəbəsinin sakini Arazxanım Mərdanova dedi:

- Bizim Sabunçu qəsəbəsinə xoş gəlmisiniz. Bu gün Sizin sayənizdə burada möhtəşəm dəmir yolu vağzalı açılır. Siz bunları xalqımızı, övladlarımızı düşünüb edirsiniz. Allah Sizə cansağlığı versin. Siz Ulu Öndərimizin davamçısısınız. Biz Sizə güvənirik, Azərbaycanımız Sizə güvənir. Siz bizim böyük dayağımızsınız. Sakinlər adından Sizə “Sağ olun!” deyirik.

Prezident İlham Əliyev dedi:

- Çox sağ olun, təşəkkür edirəm. Mən də çox şadam ki, bu gün bu gözəl vağzal kompleksi istifadəyə verilir. Çox gözəl binadır. Bu binanın tikintisi bir daha onu göstərir ki, hər bir qəsəbənin problemləri diqqət mərkəzindədir. Çalışırıq ki, bütün qəsəbələrdə quruculuq-abadlıq işləri aparılsın, vətəndaşlar üçün yeni imkanlar yaradılsın. Dünyanın ən qabaqcıl şirkətlərindən birinin istehsalı olan yeni vaqonlar alınıb və bundan sonra gediş-gəliş çox rahat olacaq. Yolboyu Bakıxanov, Keşlə dayanacaqları da yenidən qurulub. Bu vağzal kompleksi də göz oxşayır. Şadam ki, bu gün belə bir gözəl tədbiri biz birlikdə qeyd edirik. Bu, bir daha onu göstərir ki, şəhər nəqliyyatına çox böyük diqqət yetirilir. İndi avtobuslar alınıb, bu il əlavə 300 avtobus alınacaq. Metro tikintisi gedir, yeni vaqonlar alınır, yollar çəkilir, dəmir yolu vağzalları, yəni, nəqliyyat infrastrukturumuz kompleks şəkildə yenilənir. Sizdə işlər necədir?

Sakinlər: Sağ olun, minnətdarıq.

Prezident İlham Əliyev : Həllini gözləyən, bu gün hələ həll olunmamış hansı məsələlər var?

Sakin Əkbər Hüseynovz : Adi bir qəsəbədə belə gözəl vağzal inşa olunub. Bu, çox gözəldir. Bu qəsəbənin sakiniyəm, 70 ilə yaxındır ki burada yaşayıram. Ancaq nə vaxtsa belə bir möhtəşəm binanın inşa olunacağı heç ağlımıza da gəlməzdi. Hər bir açılışı televizordan görəndə fərəhlənirdik. Bu gün özüm bu açılışda iştirak edirəm və bunu əyani surətdə görürəm. Çox sevinirəm. Əlbəttə ki, bunlar hamısı xalqın rifah halının yaxşılaşdırılması üçün Sizin gördüyünüz işlərdir. Sizə təşəkkür edirik.

Prezident İlham Əliyev : Sağ olun. Demək olar ki, hər gün ölkəmizdə - Bakıda, bütün rayonlarda, Bakıətrafı qəsəbələrdə, hər yerdə hansısa obyektin açılışı olur, istər sosial obyekt, istər infrastruktur obyekti. İndi yol çəkilişi sürətlə gedir, Sabunçu rayonunun da yollarının təmiri ilə bağlı işlər görülür. Yəni, çalışırıq, maksimum nə mümkündürsə edək ki, insanlar daha da yaxşı yaşasınlar, maddi rifah artsın, dolanışıq daha yaxşı olsun. Ona görə bu istiqamətdə bundan sonra da addımlar atılacaq. Pensiyaların, əməkhaqlarının, müavinətlərin artırılması gündəlikdə duran məsələlərdən biridir. Belə gözəl binalar vətəndaşlara xidmət edəcək.

Sakin Əkbər Hüseynov: Əlbəttə, hamısı Sizin sayənizdədir. Bu dəmir yolunun fəaliyyətə başlaması avtobusların yükünü xeyli azaldacaq.

Prezident İlham Əliyev : Əlbəttə, vaxt baxımından da çox sərfəli olacaq.

Sakinlər: Təşəkkür edirik, sağ olun.

Prezident İlham Əliyev : Sağ olun.

***

Sonra Prezident İlham Əliyev yaxınlıqdakı mağazaya gəldi, alıcılar və satıcılar ilə söhbət etdi.

Qarabağ müharibəsi əlili Məzahir Orucov : Xoş gəlmisiniz, cənab Prezident. Sizinlə fəxr edirik. Allah Sizi qorusun.

Şəhid anası Səyyarə Nəzərova : Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev : Sağ olun, necəsiniz?

Səyyarə Nəzərova: Çox sağ olun, Allah Sizdən, dövlətimizdən razı olsun. Siz çox gözəl insansınız. Bizim dövlətimiz çox yaxşı dövlətdir. Çünki hər yerdə əmin-amanlıqdır, hamı qayğımızı çəkir, çox sağ olun.

Məzahir Orucov: Cənab Prezident, biz Qarabağ qaziləri Sizinlə fəxr edirik. Allah Sizi, dövlətimizi qorusun.

Prezident İlham Əliyev : Ticarət necə gedir?

Səyyarə Nəzərova: Çox yaxşı, şükür Allaha, hər günümüzə min şükür.

Prezident İlham Əliyev : Məhsulların neçə faizi yerli mallardır?

Satıcı : Demək olar ki, 90 faizi.

Sakinlər: Çox sağ olun, cənab Prezident. Sizinlə fəxr edirik. Allah Sizi qorusun.

Prezident İlham Əliyev : Sağ olun.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti