İnternet medianın maliyyələşməsi müzakirə edilib
İclasda öncə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərin maliyyələşməsi üçün şərtləri dəyişdirməsindən sonra yaranmış durum müzakirə edilib. İH üzvləri bildiriblər ki, qəzetlər üçün minimum 5 min tiraj və 2 min yayım tələbinin qoyulması dövlətin bu sahəyə yeni yanaşma tərzidir. Buna adekvat fəaliyyət göstərən qəzetlər olacaq, lakin bir çox kütləvi informasiya vasitələri indidən nəşrlərini dayandırdıqlarını bəyan ediblər. Mövcud durumdan çıxmaq üçün yollar tapılmalıdır.
Bu xüsusda media bazarının genişləndirilməsi üzərində dayanılıb. Bildirilib ki, əvvəllərdə olduğu kimi, qəzetlərin metro stansiyalarının çıxışında və insanların sıx toplaşdıqları digər yerlərdə satışı təşkil olunmalı, o cümlədən səyyar satış bərpa olunmalıdır. Elə mühit yaradılmalıdır ki, hazırkı durumda dövlət dəstəyindən faydalanmaq şansı olmayan nəşrlərin gələcəkdə buna imkan əldə etmələrinə şərait yaransın. Belə olduqda onlarda fəaliyyət üçün stimul yaranacaq. Bu isə öz növbəsində rəqabət formalaşdıracaq.
KİVDF-nin maliyyələşmə şərtlərində dəyişiklər etməsi yeni dövrün tələbindən irəli gələn zərurətdir. Əsas məsələlərdən biri maliyyələşəcək qəzetlərin sayını azaltmaq deyil, daha keyfiyyətli qəzetçiliyə dəstək olmaqdır. Buna görə də yalnız tiraj və yayım yox, eyni zamanda məzmun məsələsi də ön planda olmalıdır. İH üzvləri mövcud məqama xüsusi diqqət yetirərək bildiriblər ki, internet medianın geniş vüsət aldığı hazırkı şəraitdə oxucu xəbər saytlarındakı informasiyanı yenidən qəzetdə görmək istəməz. Deməli, yeni dövrün tələbləri qəzetçiliyə də yeni yanaşmanı gətirməlidir və bu yol dünyanın bir çox qabaqcıl ölkələrində gedilir. Nəticə etibarilə dünya miqyasında tiraj və yayım sahəsində əvvəlki illərdə mövcud olmuş geriliyin aradan qaldırılmasında müsbət tendensiyalar müşahidə olunmaqdadır.
İclasda internet media resurslarının maliyyələşməsi məsələ üzərində dayanılıb. Bildirilib ki, hazırda ictimai fikir daha çox internet üzərindən yayımlanan media vasitələri ilə formalaşır. Bu proses Azərbaycanda da sürətlə gedir. İnternet medianın malik olduğu resursların dövlətin və cəmiyyətin mənafeləri baxımından uzlaşdırılmasına ciddi ehtiyac var. Buna görə də mediaya dövlət dəstəyi məsələsində prinsipial məqamlardan biri də məhz onlayn KİV-lərin maliyyələşməsidir. Qeyd olunub ki, bununla bağlı qarşıda duran başlıca vəzifələrdən biri internet medianın özünə hüquqi münasibətlər sistemində yer tutmasıdır. Bəzi qanunlarda ayrı-ayrı müddəalar yer alsa da, məsələ ümumi xarakter daşıyır, internet medianın təşkilati-hüquqi forması müəyyənləşdirilməməmiş qalır. İclasda bu məsələnin tezliklə həllini tapması üçün müvafiq qurumlara müraciət olunmasının zəruriliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, MŞ mövcud istiqamətdə hazırladığı təkliflər sırasında internet media ilə bağlı ayrıca qanunun olması da şərtdir.
İclasda qəzet yayımı sahəsindəki vəziyyətə də nəzər salınıb. Bildirilib ki, hazırkı durumda şəhərin müxtəlif yerlərindəki köşklər heç də təyinatı üzrə istifadə edilmir. Onlarda çox məhdud sayda qəzet olur. Əsasən digər məhsullar satılır. Buna nəzarət yoxdur. Nəticədə qəzetə maraq azalır, müvafiq olaraq redaksiyaların maddi durumu pisləşir. Ümumən ölkə üzrə qəzet yayımı sahəsindəki vəziyyət ürəkaçan deyil. Belə ki, həm paytaxtın mərkəzdən kənar yerlərində, həm də ölkənin regionlarındakı köşklər tələblər səviyyəsindən xeyli aşağıdır, normal satış demək olar, yox səviyyəsindədir.
İclasda vurğulanıb ki, dünyanın bir çox ölkələrində qəzet kağızı əlavə dəyər vergisindən azad edilib. Azərbaycanda isə bununla bağlı ziddiyyətli durum var və ƏDV tətbiq edilir. Ziddiyyət ondan ibarətdir ki, idxal olunan KİV məhsulları Vergi Məcəlləsinin 164.1 və 164.1.7 maddələri ilə ƏDV-dən azaddır. 2005-ci ildə Nazirlər Kabineti 11 saylı qərar qəbul edib. Həmin qərarda da idxal olunan KİV məhsullarının ƏDV-dən azad edildiyi vurğulanıb. Beləliklə KİV məhsullarının ƏDV-dən azad olunması 2 dövlət sənədi ilə tənzimlənib. Həm qanunla, yəni Vergi Məcəlləsi ilə, həm də Nazirlər Kabenitinn 11 saylı qərarı ilə.
Ancaq o da məlumdur ki, 2015-ci ildə Nazirlər Kabinetinin 11 saylı qərarı ləğv edilib. Ancaq Vergi Məcəlləsi qüvvədədir və qüvvədə ola-ola ölkəyə gətirilən KİV məhsullarından - həm qəzet və jurnallardan, həm də qəzet kağızından ƏDV tələb olunur. Yəni faktiki olaraq Nazirlər Kabinetinin 11 saylı qərarının ləğv edilməsi ilə imtiyazın aradan qaldırılması əsas götürülmüş sayılır. Halbuki qanun, yəni Vergi Məcəlləsi daha üstündür və indiki durumda məhz ona istinad edilməlidir, nəinki ləğv edilmiş qərara. Beləliklə Vergi Məcəlləsinə görə, idxal olunan KİV məhsullarının alqı-satqısı üzrə bütün dövriyyələr ƏDV-dən azaddır. Ancaq bəzi dövlət qurumları iddia edirlər ki, bu, alqıya deyil, yalnız satqıya aiddir. Ziddiyyətdən uduzan tərəf isə media orqanlarıdır. ƏDV-nin tətbiqi dövlət büdcəsinə əhəmiyyətli gəlir gətirmir. Ancaq medianın durumuna mənfi təsir göstərir.
İclasda KİV-lərin reklam gəlirləri məsələsinə də toxunulub. Bildirilib ki, indiki durumda onların maddi vəziyyətinin yaxşılaşdırılması üçün dövlət elan və sosial reklamlarının KİV-də cəmləşməsinə nail olmaq vacibdir. Bir sıra dövlət qurumları büdcələrində reklam üçün nəzərdə tutulan vəsaiti yalnız özlərinin təsis etdikləri media orqanlarına yönləndirməklə kifayətlənirlər. Bu vəsait həmin qurumların fəaliyyətini ictimai rəydə daha tutarlı təbliğ edən KİV-lərə daxil olarsa, həm cəmiyyət zəruri informasiyalarla təmin olunmuş olar, həm də redaksiyaların maddi bazası güclənər.
İH üzvləri Şuranın göstərilən məsələləri həll etmək üçün ölkə rəhbərliyinə, müvafiq qurumlara müraciət ünvanlamasının vacibliyini vurğulayıblar. Mövcud istiqamətdəki fəaliyyətin koordinasiya edilməsi üçün vaxtilə mövcud olmuş işçi qrupunun fəaliyyətinin gücləndirilməsi barədə qərar qəbul edilib.
İH üzvləri son günlər dövlətin mediya dəstək siyasətinə zidd təmayüllərlə bağlı da fikirlərini bölüşüblər. Onlar bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyətdə olduğu 10 ildə kifayət qədər mühüm tədbirlər gerçəkləşdirib. Qurumun «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»na uyğun olaraq həyata keçirdiyi fəaliyyət nəticəsində həm dövlətin mediaya yardım mexanizmi formalaşıb, həm redaksiyaların maddi-texniki bazası güclənib, həm onların əmək qanunvericiliyinin şərtlərinə uyğun iş prinsipi yaranıb, həm də dövlət KİV-lərin və jurnalistlərin potensiallarını cəmiyyətin maraq və mənafelərindən irəli gələn məsələlərə səfərbər etməyi bacarıb. Bu, kifayət qədər çoxşaxəli sistemdir və onun gələcəkdə Konsepsiyadan irəli gələn digər fəaliyyət istiqamətləri ilə zənginləşməsinə də kəskin ehtiyac duyulmaqdadır. Bu xüsusda KİV-lərə sırf texniki yardımın göstərilməsindən söz açılıb. Bildirilib ki, bir çox hallarda Azərbaycana qarşı anti-təbliğat meyllərinə qarşı mübarizədə medianın texniki resurslarının zəifliyi hiss olunmaqdadır.
İclasda müzakirə edilən ikinci məsələ Mətbuat Şurasının 2018-ci ildə gördüyü işlərə dair hesabatı olub.
Məlumat verilib ki, Mətbuat Şurasına 2018-ci ildə 700 müraciət daxil olub. Müraciətlərin 478-i şikayət mahiyyəti daşıyır. Digər 222 müraciətin 70-i dövlət proqram və tədbirlər planlarının icrasına aiddir. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması barədə 100, fəxri adlar və dövlət təltifləri ilə bağlı 30, sosial məsələlərə aid 18, jurnalist peşəsindəki problemlərin həll edilməsi ilə bağlı 2 müraciət qeydə alınıb. Daha 2 müraciət təkrardır. Təkrar müraciətlər ictimai qınağa məruz qalmış cavabdeh KİV-lərin MŞ-nın qərar və rəylərindən nəticə çıxarmadığını ifadə edən şikayətlərdir.
2018-ci ildə MŞ-yə daxil olmuş 478 şikayətin 250-i bilavasitə Şuranın Katibliyində baxılıb, 120 şikayətin müəllifləri ilə izahat xarakterli söhbətlər aparılıb, 20 şikayət üzrə tərəflər Şuraya dəvət olunub, katiblik tərəfindən təklif edilən variantlarla qarşılıqlı razılıq əldə edildiyindən məsələyə xitam verilib.
478 şikayətin 90-ı Şikayətlər üzrə Komissiyada baxılıb. Komissiyanın 87 şikayət üzrə çıxardığı rəylərdə cavabdeh media orqanlarının yol verdiyi nöqsanlar, AJPDQ-nın ayrı-ayrı prinsip və bəndlərinin pozulduğu vurğulanıb. Şikayətlər üzrə Komissiya 2018-ci il ərzində 2 şikayətin “Reket jurnalistika”ya qarşı Mübarizə Komissiyasında baxılması barədə qərar qəbul edib. Hər iki şikayət həmin Komissiyada baxılıb və Şuranın İdarə Heyətinin 21 noyabr 2018-ci il tarixli qərarı ilə iki xəbər portalından birinin - “Demokratik.az”ın adı Mətbuat Şurasının “qara siyahı”sına salınıb, “DoqruXeber.az” saytına fəaliyyətində dönüş yaratması üçün vaxt verilib.
Mətbuat Şurası şikayətlərin araşdırılmasında daha çox informasiya qaynaqlarına sayğılı yanaşmaya, məlumatların yayılması zamanı mənbənin mütləq göstərilməsinə (və yaxud informasiya qaynağının gizliliyinin qorunması tələb edilirsə göstərilməməsinə), məlumatların həqiqətə uyğunluğu və informasiya dəyərinin yoxlanılmasına, mənanın təhrifinə və yazıların sərlövhələri ilə məzmununun uyğunluğuna diqqət yetirib. Şikayətlər üzrə Komissiyada baxılan şikayətlərin 30%-dən çoxunda bu hallar müşahidə olunub.
Şikayət doğuran materialların təhlili göstərir ki, cavabdeh KİV-lər haqqında yazdığı şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinin qeyri-ciddi yanaşıblar. Bu prinsipə önəm verilməməsi şikayətlərin artmasına şərait yaradan faktorlardır. Şikayətlərin təxminən 20%-ni bu baxımdan fərqləndirmək mümkündür.
Şikayətlərin araşdırılması zamanı məlum olub ki, cinayət əməllərinin «Peşəkar» subyektlərinin zorakılıqlarının, habelə iradəsi zəif insanların intihar halları barədə reportajların, hərəkət və hərəkətsizliklərin təşviqi, sensasiya formasında təqdimatı ictimaiyyət tərəfindən narahatlıqla qarşılanıb. Bəzən belə hərəkətlərə «bəraət» qazandıran informasiyaların yayılması da müəyyən edilib.
Bəzi cavabdeh KİV-lər tərəfindən baş vermiş və istintaqı tamamlanmış cinayət xarakterli materiallar üzrə şəxsin təqsirsizlik prezumpsiyası hüququna hörmətlə yanaşılmaması, şəxsin “cinayətkar” kimi cəmiyyətə təqdim («Dia.az» bax) edilməsi faktları da qeydə alınıb. Şikayət doğuran materiallarda vulqar ifadələrin, jarqonların işlədilməsi hallarına da rast gəlinib.
b) Mətbuat Şurası 2018-ci ildə həmçinin Azərbaycan jurnalistlərinin VII qurultayını keçirib. Qurultayda İdarə Heyəti üzvlərinin sayının 17-dən 23-ə çatdırılıb. Məsələ ilə əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılmasına müsbət münasibətlərini bildiriblər.
İclasda Mətbuat Şurasına yeni üzvlərin qəbulu həyata keçirilib. Müzakirələrdən sonra “Baku Post Media MMC” (bakupost.az) və “XezerNews.az” Xəbər portalı Şuraya üzv qəbul ediliblər.
MŞ sədri Əflatun Amaşov Mətbuat Şurası haqqında qanun layihəsinin hazırlandığını bildirib və hazırda sənəd üzərində ekspertiza işlərinin aparıldığını vurğulayıb. O, məsələ idə bağlı 2019-cu ildə fəal işlərin görüləcəyini diqqətə çatdırıb.
İH üzvləri bildiriliblər ki, media orqanlarının fəaliyyətinin peşəkar tələblər çərçivəsində qurulması aktual əhəmiyyət daşımaqdadır. Hazırkı durumda Şura ictimai təşkilat kimi fəaliyyət göstərdiyindən məhdud imkanlara malikdir. Buna görə də ayrıca qununun olması vacibdir.
İclasda «Təzadlar» qəzeti ilə əlaqədar məsələ də müzakirə olunub. Bildirilib ki, bu nəşrlə bağlı son günlər Şuraya şikayətlər daxil olmaqdadır. Qəzet vaxtilə MŞ-nin «qara siyahı»sında yer alıb. «Reket nəşr»lərin müəyyənləşdirilməsinə dair Təlimatda göstərilir ki, adı «qara siyahı»dan çıxarılmış KİV-lərlə bağlı əsaslı şikayətlər daxil olduğu təqdirdə məsələ Şuranın «Apellyasiya qrupu»nda müzakirə edilir və qərar çıxarılır. «Təzadlar»la bağlı məsələnin də «Apellyasiya qrupu»nda müzakirəsi qərara alınıb.
İclasda bəzi KİV-lərlə bağlı məhkəmə prosesləri ətrafında da fikir mübadiləsi aparılıb. Məlumat verilib ki, bir çox hallarda materialı narazılıq doğurmuş KİV-lər məhkəməyə verilir və bu zaman onun narazılıq doğurmuş materialı başqa KİV-ə istinadən yaydığı nəzərə alınmayaraq qərarlar çıxarılır. Halbuki «Kütləvi informasiya vasitələri haqqında» Qanunda məsələ ilə əlaqədar konkret müddəa var. İH üzvləri bunu diqqətdə saxlamaq və müvafiq qurumlarla müzakirələr aparmağın vacibliyini vurğulayıblar.
Azvision.az
Teqlər: Mətbuat-Şurası Maliyyə