1000-dən artıq din xadiminə maddi dəstək göstərilib

1000-dən artıq din xadiminə maddi dəstək göstərilib
  09 Fevral 2019    Oxunub:2276
Əvvəlki illərlə müqayisədə dini durumun təhlili göstərir ki, bu gün cəmiyyətdə hər kəsin dini radikalizmlə bağlı məlumatı var. Ötən dövrdə cəmiyyətdə dini radikalizmlə bağlı məlumatlar yox səviyyəsində idi. Amma indi insanlar dini radikalizmin nə olduğu yaxşı bilir.
Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, dini radikalizmə qarşı cəmiyyətdə mənəvi imunitet formalaşdırılıb: "Dini duruma gəlincə, zərərli saydığımız dini təriqətlər və cərəyanların fəaliyyəti son dövrlər zəifləyib. İstər İslamla bağlı dini radikalizm cəhdlərinin, istərsə də xristian dini yönündə missioner qrupların zərərli fəaliyyətinin qarşısı alınıb. Hazırda bu gün üçün qarşımızda duran bir sıra hədəflər var. Əsas hədəflərdən biri milli kadrların hazırlanmasıdır.

Bu, radikalizmlə mübarizədə ən effektli vasitələrdən biridir. Bilirsiniz ki, dövlət başçısının qərarı ilə Komitəmizin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Fevralın 9-da institutun yaradılmasının bir ili tamam olur. Artıq instutut tam fəaliyyətə başlayıb, ötən il tələbə qəbulu həyata keçirilib. Bu il də qəbul keçiriləcək. İnstitutun yaradılması bır sıra problemlərin həllinin açarı olacaq. Çünki gənclərimiz dini təhsil almaq üçün xaricə getməyəcək. Artıq öz ölkəmizdə buna imkan var. Xaricdə dini təhsil pulsuz idi. İlahiyyat İnstitutunda da təhsil pulsuzdur, bütün tələbələr təqaüd alır. Ehtiyacları varsa yataqxanalarla təmin olunurlar".

G.İsmayılov əlavə edib ki, respublikamızda müvafiq olaraq din xadimlərinə maddi dəstək göstərilir: "Ötən il ərzində 1000-dən artıq din xadiminə maddi dəstək göstərilib. Bu da dini durumun sabitləşməsi baxımından önəmli amildir. Çünki din adamlarına maddi dəstək göstərilməsə başqalarının bu sahənin doldurmasına şərait yaranır. Məsələn, düşünün ki, hansısa məsciddir, orada rəsmi din xadimi fəaliyyət göstərmir. Belə olan halda, qeyri-ənənəvi, zərərli, radikal qrupların həmin məscidə meyllənməsinə şərait yaranır. Bu cür məscidlər artıq Azərbaycanda yoxdur. Ölkədə fəaliyyət göstərən bütün məscidlərdə nəzarət tam təmin olunub. Bunun bir səbəbi də Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə din xadimlərinə maddi dəstəyin göstərilməsidir. Bu da cənab Prezidentin din sahəsinə, o cümlədən dindarlarımıza qayğısının bir nümunəsidir".

Azvision.az



Teqlər: Gündüz-İsmayılov   İslam  





Xəbər lenti