PA-nın şöbə müdiri: “Gömrükdən şikayətlər azalıb”
“Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan gömrük siyasəti də iqtisadiyyatın bugünkü tələblərinə uyğun olaraq təkmilləşdirilir. Dövlət başçısının “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamı idxal-ixraca nəzarət sistemini Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birlikdə həyata keçirməsinə şərait yaradıb. Qarşılıqlı nəzarət sisteminin tətbiqi vergidən yayınmanın qarşısını almaqla yanaşı, sahibkarlıq subyektlərində yüksək vergi mədəniyyətinin və könüllü riayət sisteminin formalaşdırılması istiqamətində görüləcək ən mühüm tədbirlərdən biri olacaq.
2018-ci ildə ölkə iqtisadiyyatının inkişafında və büdcənin gəlirlər hissəsinin formalaşmasında xüsusi rolu olan Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3 milyard 434 milyon manat və ya proqnoza nisbətən 244 milyon manat çox vəsait daxil olub. Bu, 2017-ci illə müqayisədə 825 milyon manat və ya 31,6 faiz çoxdur.
Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 2019-cu il yanvarın 11-də keçirilən iclasında bütün sahələrdə, o cümlədən vergi və gömrük sahəsində şəffaflığın daha da artırılmasını tələb edərək demişdir: “Mən tam əminəm ki, aparılan islahatlar nəticəsində həm bizim gəlirlərimiz artacaq, - artıq artıb, gömrük 1 milyard manat əlavə vəsait toplayıb, - eyni zamanda, biz kölgə iqtisadiyyatına böyük zərbə vurmuş olarıq... Hər kəs başa düşməlidir ki, Azərbaycanda bütün işlər qanun çərçivəsində aparılmalıdır... Ona görə bu il də islahatların dərinləşməsi istiqamətində çox ciddi addımlar atılacaq”.
İslahatlar nəticəsində artıq ixracın tamamilə elektron idarəetmə sistemi vasitəsilə həyata keçirilməsi təmin edilmiş, idxal-ixrac, tranzit əməliyyatlarına sərf edilən vaxt azalmış, sərhəd-buraxılış məntəqələrində əməliyyat və prosedurlar daha da sürətlənmişdir. Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ölkəmizə səfərində Azərbaycanda gömrük sahəsində atılan addımları təqdirəlayiq hesab etmiş, ölkəmizdə bu yöndə görülən işlərin digər dövlətlər üçün də faydalı olacağını və Azərbaycan təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd etmişdir.
Gömrük sahəsində aparılan islahatlar və sağlamlaşdırma prosesinin nəticələri vətəndaş müraciətlərində də əksini tapmışdır. Bu mövzu üzrə şikayətlər faiz etibarilə azalmışdır. Buna baxmayaraq, 2018-ci ildə bəzi gömrük-keçid məntəqələrinin fəaliyyəti barədə şikayətlər daxil olmuşdur. Gömrük sahəsində aparılan islahatlar, innovasiya layihələrinin həyata keçirilməsi 2019-cu ildə vətəndaş məmnunluğunun təmin edilməsinə və bu qəbildən olan müraciətlərin azalmasına xidmət edəcəkdir.
Bir daha vurğulamalıyıq ki, Prezident Administrasiyasına daxil olan müraciətlərin hər biri diqqətlə baxılıb araşdırılır, lazımi tədbirlər görülür, əsaslı müraciətlər həll edilir və nəticəsi barədə vətəndaşlara cavab verilir”, - deyə məqalədə bildirilir.
Azvision.az