Azərbaycanlıların aksiyasına gürcülər də qoşulacaq - Separatizmə qarşı etiraz
Aksiyaya rəsmi şəkildə icazə verilib. Gürcüstandakı Vahid Milli Hərəkat Partiyasının üzvü, ölkə parlamentində təmsil olunan azərbaycanlı deputatı Azər Süleymanov deyib ki, aksiyaya təkcə azərbaycanlılar qoşulmayacaq: "Aksiyaya qoşulanlar arasında təkcə azərbaycanlılar yox, gürcülər də olacaq. Çünki bu məsələ əsasən gürcülərin problemidir. Gürcüstanın 20 faiz torpağı işğal olunub. Demək olar ki, separatizmdən əziyyət çəkən dövlətdir. Gürcüstan torpağında heç bir separatçıya yer olmamalıdır. O ki qaldı abidə qoyulsun".
A.Süleymanov özü də aksiyaya qatılacaq: "Bir deputat kimi aksiyaya mən də qoşulacam. Əhalinin yanında olmaq mənim də borcumdur. Gürcü ziyalıları, elm adamları da bugünkü aksiyaya qoşulmaq niyyətindədirlər. Bugünkü aksiya dövlətə qarşı yox, separatizmə qarşıdır. Gürcüstan və Azərbaycan arasında dostluq və qardaşlıq mövcuddur. Bu tarixən də belə olub. Heç zaman yol vermərik ki, hansısa separatçı buna nail olsun".
A.Süleymanov Nərimanovun heykəlinin götürülməsi barədə ortaya atılan məsələyə də münasibət bildirib: "Nərimanovun abidəsinin götürülməsi məsələsi müzakirə mövzusu deyil. Ona görə ki, abidə yerindədir. Sadəcə, məsələ məqsədyönlü şəkildə ortaya atılıb. İnsanların diqqətini Avakyandan Nərimanovun heykəlinə yönəltmişdilər. Bu bir provokasiya xarakteri daşıyır. Müxalifətdə olsam da, onu deyə bilərəm ki, dövlət heykəli götürmək fikrində deyil".
Qeyd edək ki, bir neçə gün bundan qabaq Gürcüstanın Axalkalaki rayonunun Buğaşen kəndində erməni terrorçu Mikael Avakyana abidə qoyulub. Erməni separatçıya abidənin qoyulması etirazlara səbəb olub. Bundan sonra Nərimanovun Marneulinin mərkəzindəki heykəlinin götürüləcəyi məsələsi bilərəkdən ortaya atılıb.
Azvision.az
Teqlər: Gürcüstan Etiraz Aksiya