31 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib
Baş prokuror qeyd edib ki, çox ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, hesabat dövründə prokurorluq orqanlarında aparılmış xidməti yoxlamalar nəticəsində 31 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 16-na töhmət və şiddətli töhmət elan edilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 8 nəfər vəzifədən azad edilib, 6 nəfər isə prokurorluq orqanlarından xaric olunub.
Uzun illər ərzində aparılan islahatlar nəticəsində prokurorluq orqanlarında şəffaflığın təmin edilməsi, neqativ hallara yol vermiş şəxslərin ifşa edilməsi istiqamətində çox mühüm işlər görülməklə prokurorluğun demokratik və hüquqi cəmiyyətdəki rolunun möhkəmləndiyini qeyd edən Baş prokuror, bu işlərin davamı olaraq ötən il prokurorluq işçisinin adına yaraşmayan hərəkətlərə yol verdiklərinə, qanunvericilikdə nəzərdə tutulan səlahiyyətləri çərçivəsindən kənar fəaliyyətlə məşğul olduqlarına, həmçinin formalaşmış nizam-intizam qaydalarının tələblərinə riayət etmədiklərinə görə bir sıra prokurorluq işçiləri barəsində ciddi tədbirlər görüldüyünü, o cümlədən İsmayıllı rayonunun sabiq prokuroru Ü.Abbasov və rayon prokurorunun sabiq böyük köməkçisi F.Quliyevin qabaqcadan əlbir olmaqla 2 sahibkardan külli miqdarda rüşvət alması ilə əlaqədar sonuncuların həbs olunmalarını və müvafiq məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzalarına məhkum edildiklərini bildirib.
Azvision.az
Teqlər: Baş-Prokurorluq