Azərbaycanın Fələstinlə əlaqələrini özəl edən nədir?

Azərbaycanın Fələstinlə əlaqələrini özəl edən nədir?
  05 Noyabr 2018    Oxunub:22943
Bu gün Bakıda Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısı keçirilib. Tədbirə Fələstinin xarici işlər naziri Riad Əl-Maliki, XİN rəhbərinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiyah, Fələstin Milli Fondunun rəhbəri - nazir Mouin Elias Yousef Khouri, həmçinin, Fələstinin Asiya ölkələrində akkreditə olmuş 27 səfiri qatılıb. Belə bir önəmli tədbirin məhz ölkəmizdə keçirilməsi Azərbaycanın Fələstin məsələsinə münasibətdə həmrəylik nümayiş etdirdiyini göstərir.
Səfirlərin görüşü üçün ölkəmizin seçilməsi təkcə Azərbaycana olan etimad və hörmətin göstəricisi deyil. Bu, həm də rəsmi Bakının beynəlxalq gündəmin ən aktual problemlərinin həllinə töhfə vermək əzmini və ən əsası, islam həmrəyliyinə sadiqliyini nümayiş etdirir. Vurğulamaq yerinə düşər ki, 2019-2022-ci illərdə Azərbaycan gündəliyində Fələstin məsələsinin xüsusi əhəmiyyət kəsb etdiyi Qoşulmama Hərəkatına sədrlik edəcək.

Bundan əlavə, Bakı ilk dəfə deyil ki, Fələstinlə əlaqədar bir sıra mühüm tədbirlərə ev sahibliyi edir. 2011-ci ilin iyununda Fələstin prezidenti Mahmud Abbasın Azərbaycana ilk rəsmi səfərindən sonra xalqlarımz və hökumətlərimiz arasında əlaqələr daha möhkəm, Bakının Fələstin məsələsinin müzakirə məkanına çevrilməsi isə davamlı xarakter almağa başlayıb.

2013-cü ildə isə Bakıda müqəddəs Qüds şəhərinin inkişafı və Fələstinə yardım etmək məqsədilə İƏT ölkələri Xarici İşlər Nazirlərinin Donor konfransı və “İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsi” adlı tədbirlər keçirilib. Həmin konfransda Azərbaycan Qüds şəhərində Fələstinin mühüm obyektlərinə yardım üçün 5 milyon dollar məbləğində yardım etmək barədə təşəbbüs irəli sürüb. 2017-ci ildə isə Azərbaycan BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyası, İslam Əməkdaşlıq Təşkilatı, nüfuzlu beynəlxalq QHT-lər və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib.

İsrail-Fələstin münaqişəsində olduqca ciddi problemə çevrilən, BMT-nin qətnaməsi əsasında Şərqi Qüdslə birlikdə bütöv Fələstinin 22 faiz ərazisini təşkil etməli olan bu məsələ ilə bağlı məhz Azərbaycanda İslam həmrəyliyinin elan edildiyi ildə beynəlxalq konfransın təşkili rəsmi Bakının Şərqi Qüds paytaxt olmaqla, Fələstin məsələsinin BMT-nin müvafiq qərarlarında göstərildiyi kimi iki dövlət prinsipi əsasında həllinin tərəfdarı olduğunu nümayiş etdirməklə yanaşı, İsraillə olan yaxın münasibətlərimizdən ölkəmizə qarşı istifadə edərək Azərbaycanın müsəlman dünyasında imicinin zədələnməsi və təcrid olunmasını istəyənlərə bir mesaj idi.

Amma reallıq odur ki, müsəlman ölkələri arasında Fələstin xalqı ilə münasibətlərində bəlkə də ən səmimi olan dövlət Azərbaycandır. Və bu reallığı çoxları etiraf edir. Çünki bəzilərindən fərqli olaraq rəsmi Bakı üzdə və özü də sadəcə sözdə Fələstin xalqının yanında olduğunu deyərək, pərdəarxasında İsraillə gizli əməkdaşlıq etmir. Azərbaycan yeganə müsəlman ölkəsidir ki, İsraillə strateji əlaqələrə sahib olmaqla yanaşı, bu əlaqələrin islam həmrəyliyinə xələl gətirməsinə qəti yol vermir və İsrail-Fələstin münaqişəsində beynəlxalq hüquq normalarının icrasını tələb etməkdən çəkinmir. Elə ABŞ-ın beynəlxalq hüququ və BMT qətnamələrini pozmaqla İsraildəki səfirliyini Qüdsə köçürməsinə etiraz olaraq ötən ilin 13 dekabrında İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Qüdslə bağlı fövqəladə zirvə toplantısında Prezident İlham Əliyevin iştirakı və islam dünyasındakı mövcud problemləri, geosiyasi oyunları öz mənafelərinin realizəsinə yönləndirməyə çalışan bəzi müsəlman dövlətlərindən fərqli olaraq Vaşinqtonun qanunsuz addımının yolverilməzliyi ilə bağlı kəskin çıxışı bunun bariz sübutudur. Məhz belə prinsipiallığa görədir ki, Azərbaycanın Fələstinə göstərdiyi bu dəstəyi və islam həmrəyliyinə sadiqliyi Fələstin dövlətinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.

Ölkəmiz sadəcə sözdə yox, əməldə də Fələstin xalqının çətin günlərində hər zaman yanında olduğunu nümayiş etdirib. İşğal nəticəsində özü 1 milyondan çox qaçqın və məcburi köçkün problemilə üzləşməsinə baxmayaraq, Azərbaycan Yaxın Şərqdə 5 milyon fələstinli qaçqının vəziyyətinin yaxşılaşdırılması, o cümlədən də, Qəzza sektorundakı humanitar böhranın aradan qaldırılması məqsədilə ciddi maliyyə çətinliklərilə üzləşən Fələstin dövlətinə indiyədək yüz minlərlə dollar maliyyə yardımı ayırıb.

Bu səbəbdəndir ki, Azərbaycanla Fələstin arasındakı münasibətləri özəl edən təkcə qardaşlıq və müsəlman həmrəyliyi prinsiplərinə əsaslanması, əsrlərə dayanan dini, mədəni, tarixi ələqələrin mövcudluğu deyil. Bu münasibətlərin özəlliyi həm də, hər iki dövlətin öz ərazi bütövlüyünün bərpası üçün ədalətli sülhün bərqərar edilməsi yolunda beynəlxalq hüquq prinsipləri ilə üst-üstə düşən oxşar baxışlarının olmasıdır. Azərbaycan hökuməti və xalqı tarixən öz istiqlaliyyətini əldə etmək uğrunda mübarizə aparan Fələstin xalqının yanında olub və indi də bütün beynəlxalq təşkilatlarda İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllinin tərəfdarı olduğunu bəyan edir. Fələstin də Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyinin təmin olunmasilə bağlı haqlı tələbini hər zaman dəstəkləyir. Müsəlman dünyasında Azərbaycan və Fələstin xalqları arasındakı bağı daha özəl edən amil məhz hər ikisinin bütöv Vətən həsrətidir.

Özəllik həm də rəsmi Bakının İsraillə etimad üzərində qurulan xüsusi münasibətlərindədir. Çünki İsrail Azərbaycanın Fələstin məsələsilə bağlı mövqeyini hər zaman anlayışla qarşılayıb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində də ölkəmizin ərazi bütövlüyünün bərpasının tərəfdarıdır. Bu səbəbdəndir ki, elə Fələstin rəsmiləri Azərbaycanın İsraillə olan əlaqələri sayəsində onu BMT qətnamələri, həmçinin, İsrail-Fələstin münaqişəsi üzrə imzalanmış müqavilələrdəki öhdəliklərini yerinə yetirməyə və Fələstin ərazilərilə bağlı birtərəfli mövqeyinə son qoymağa sövq edə biləcəyini istisna etmirlər. 2016-cı ildə ABŞ-dakı Azərbaycan səfirliyinin “Aparıcı ABŞ yəhudi təşkilatlarının prezidentlərinin konfransı” ilə birgə təşkil etdiyi Hanuka bayramına dair tədbirdə Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı nümayəndəsi Maen Rəşid Arikatın da iştirakı olduqca təsirli və qeyri-adi addım kimi kimi qiymətləndirilmişdi.

Təbii ki, Bakının hansısa beynəlxalq, yaxud regional problemin həllində aparıcı fiqurlardan birinə çevrilməsi Azərbaycanın ciddi təsir və nüfuza malik olan güclü ölkəyə çevrilməsini istəməyənlər üçün problemdir. Odur ki, bəzi qüvvələr Fələstinlə Azərbaycan arasındakı yüksək etimadı sarsıtmaq məqsədilə guya fələstinlilərin Qarabağ separatçılarına dəstək verməsi, onların Dağlıq Qarabağa gedərək ermənilərlə birgə azərbaycanlılara qarşı vuruşması kimi dezinformasiyalar yayır. Lakin Fələstin hökuməti bütün bunları dəfələrlə təkzib edərək Azərbaycan xalqının haqlı mənafeyinə xələl gətirəcək heç bir addım atılmadığını bəyan etməklə nifaqçılıarın planlarını alt-üst edir. Fələstinin indiyədək Ermənistanla heç bir diplomatik əlaqə qurmaması da bu bəyanatların səmimiliyinə şübhə yeri qoymur.

Beləliklə, növbəti dəfə sübut olunur ki, Azərbaycanın bir ölkə ilə əlaqəsinin digərinin maraqlarına xələl yetirməyən balanslı və beynəlxalq hüquq prinsiplərinə əsaslanan xarici siyasət kursu ən mürəkkəb beynəlxalq məsələlərdə belə ölkəmizin haqlılarla eyni cəbhədə dayanması və təzyiqlərə boyun əyməməsini təmin edir.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Fələstin   Azərbaycan   İsrail   DağlıqQarabağ  





Xəbər lenti