“Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir” - İlham Əliyev
Dövlət başçısı bildirib ki, alman şirkətləri Azərbaycanda yaxşı tanınır, onların keyfiyyəti, texnologiyaları bizim ölkəmiz üçün çox böyük fayda verir: “Azərbaycan indi müasirləşmə dövrünü yaşayır, iqtisadi şaxələndirmə bizim əsas prioritetimizdir. Bütövlükdə deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, ölkəmizin makroiqtisadi vəziyyəti sabitdir, xarici borc ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir, işsizlik 5 faiz səviyyəsindədir. Son 15 il ərzində Azərbaycana 250 milyard dollar sərmayə qoyulubdur. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görüb və bu, onu göstərir ki, iqtisadi şaxələndirmə siyasəti Azərbaycanda uğurla aparılır. Biz əlbəttə ki, böyük neft-qaz resurslarına malikik, onları ixrac edirik, amma əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və bu sahədə əlbəttə ki, Almaniyadan olan şirkətlər bizə kömək göstərə bilərlər.
Hazırda kənd təsərrüfatının inkişafı, turizm, informasiya-kommunikasiya sektoru, infrastruktur layihələri, o cümlədən dəmir yollarının modernləşdirilməsi, inşaat sektoru və digər sahələr prioritetlər sırasındadır. Əminəm ki, bu gün keçiriləcək söhbət nəticəsində yeni kontraktlar imzalanacaq, yeni əməkdaşlıq formatı yaradılacaq”.
Teqlər: İlham-Əliyev