ABŞ Gürcüstan qarşısında tələb qoyub

   ABŞ Gürcüstan qarşısında    tələb    qoyub
  10 May 2024    Oxunub:931
Bir həftədən sonra Gürcüstan parlamenti “Xarici təsirlərin şəffaflığı haqqında” Qanun layihəsini üçüncü oxunuşda müzakirəyə çıxarmağa hazırlaşır. Artıq 2 oxunuşu uğurla keçmiş sənəd 3-cü oxunuşda da qəbul ediləndən sonra imzalanmaq üçün Gürcüstan prezidentinə təqdim olunacaq.
AzVision.az xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili Qanun layihəsinin əleyhinə çıxan müxalifəti dəstəkləyərək, istənilən halda ona veto qoyacağını dəfələrlə açıqlayıb. Bu məsələdə xanım Zurabişvili yalnız Gürcüstan müxalifətinin yox, həm də kollektiv Qərbin sözügedən Qanun layihəsindən ciddi narazılığına arxalanır.

Lakin xaricdəki dairələrin ölkənin daxili işlərinə müdaxiləsinin qarşısını almaqda iddialı olan Gürcüstan hökuməti iğtişaşlar salmağa çalışan müxalif qüvvələrə qarşı sərt tədbirlər görməkdən çəkinmir ki, bu da Qərbdə rəsmi Tbilisiyə təzyiq göstərmək cəhdlərinə səbəb olur.

Gürcü qanunundan kim narazıdır: xalq, yoxsa Qərb? | TƏHLİL
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi ənənəvi brifinqdə sözügedən Qanun layihəsinin əleyhinə keçirilən etiraz aksiyalarının iştirakçılarına qarşı güc tətbiqi hallarının araşdırılmasının zəruri olduğunu vurğulayıb.

“Qanun layihəsinə etiraz edənlərə qarşı görülən tədbirlərdən və onun təsdiqi istiqamətində aparılan işlərdən çox narahatıq. Biz vətəndaş cəmiyyəti nümayəndələrinə, müxalifət fəallarına və jurnalistlərə qarşı təqib və fiziki gücdən istifadə hallarının artması ilə bağlı hadisələrədən xəbərdarıq. Biz bunu pisləyirik və dərhal tam araşdırmaya çağırırıq” , - Metyu Millder deyib.

Onun sözlərinə görə, Vaşinqton Tbilisi ilə qarşılılqlı addımlar atmağa hazırdır, amma bunun üçün Gürcüstan hökuməti siyasət kursunu dəyişməlidir.

Maraqlıdır ki, belə bəyanatlarla Gürcüstan hökumətinə təzyiq göstərməyə çalışan ABŞ-da kənardan maliyyələşən QHT-lərin fəaliyyətini məhdudlaşdıran daha sərt Qanun hələ 1938-ci ildə qəbul olunub.

Sahil İsgəndərov

AzVision.az


Teqlər:   ABŞ   Gürcüstan  





Xəbər lenti