“Qaranlıq dünya”nın işıqlı sakinləri: Gözdən əlil musiqiçilər... - (VİDEO, FOTOLAR)

“Qaranlıq dünya”nın işıqlı sakinləri: Gözdən əlil musiqiçilər...  - (VİDEO, FOTOLAR)
  05 Aprel 2018    Oxunub:14673
Bakıda gözdən əlil uşaqlar üçün 38 nömrəli 11 illik musiqi məktəbi fəaliyyət göstərir. 198 şagirdi olan məktəbdə tar, kamança, qarmon, nağara, skripka, kanon və fortepiano alətləri üzrə siniflər mövcuddur. Uşaqlar orta məktəb biliklərini eyni həyətdə yerləşən internat məktəbində, musiqi təhsilini isə dərslər bitdikdən sonra burada alırlar. Onlar arasında prezident təqaüdçüsü də var.


Məktəbin fəaliyyəti ilə tanış olmaq üçün əlil musiqiçilərin dərslərində iştirak edib, onlarla həmsöhbət olduq. Direktor Əsab Əliyev bildirdi ki, bu məktəbi bitirən şagirdlər sonrakı təhsillərini Bakı Musiqi Akademiyasında, Milli Konservatoriyada, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirirlər. Onun sözlərinə görə, tədbirlər keçirmək üçün zalın olmaması müəyyən çətinliklər yaradır.



"Məktəbi genişləndirə bilsək, nəfəsli alətlərin fəaliyyətinə başlaya bilərik. Çətinliyimiz yerlə bağlıdır. Çox vaxt tədbirlərimizi internatın zalında keçiririk. Öz zalımız olsaydı, tədbirlərimizi sərbəst keçirə bilərdik”.

Direktorun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə brayn şriftləri üzrə kitabıların çapına başlanılıb.



Əsab Əliyev: “2000-ci ildən Bakıdakı musiqi məktəblərində işləyən, təcrübəsi olan müəllimləri bura dəvət etməyə çalışırıq. Sağlam müəllimlərlə yanaşı gözdən əlil olan pedaqoqlar da dərs deyir. Burada çalışan məzunlarımız da var. Biz istəyərdik ki, onlar Azərbaycan üzrə bütün musiqi məktəblərində fəaliyyətlərini davam etdirsinlər. Təəssüf ki, onların hamısını burada işlə təmin edə bilmərik”.

Vüsal Qəhrəmanov artıq 10 ildən çoxdur ki, məktəbdə qarmon üzrə dərs deyir. Onun dediyinə görə, gözdən əlil uşaqlara Allah elə bir isetedad verib ki, çətinliklər gözə görsənmir.

Vüsal Qəhrəmanov: "Belə uşaqların çoxu istedadlı olurlar. Əlimizdən gələni edirik, çalışırıq. Uşaqlar müsabiqələrdə yer tuturlar. Çoxlarının yaxşı ritmi, eşitmə qabiliyyəti var. Onlarla işlədikcə zövq alırıq"



Qəhrəmanovun tələbəsi olan Nurlan qarmon üzrə 5-ci sinifdə oxuyur. Onun xalq rəqslərinə, milli musiqilərimizə böyük marağı var. Hazırda Vasif Adıgözəlovun "Bayram suitası" üzərində çalışır.



İkinci sinif şagirdi Rəvan isə gələcəkdə mahir kamança ustası olmaq istəyir. O, daha çox muğamlarımızı ifa etməyə can atır.



Müşfiq Əmirov şagirdi İmanlı Abbasdan razılığını dilə gətirib. Bildirib ki, gələcəyini nağaraya bağlayan Abbasla çalışmaq onu qətiyyən yormur: “Hər bir işin çətinliyi var. Amma o sənətə meyl edirsə, sevə-sevə can yandırırsansa, heç bir çətinliyi qalmır. Şagirdlərim var ki, Natiq Şirinovun qrupunda çalışır”.

Qeyd edək ki, məktəb Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyəti göstərir.





















Müxbir: Şahanə Rəhimli
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov, Azər Həsənov

AzVision.az


Teqlər: Musiqi-Məktəbi   Uşaq   Əlil  





Xəbər lenti