Bəşər Əsədə, yoxsa Əsəd Bəşərə?

Bəşər Əsədə, yoxsa Əsəd Bəşərə?
  09 Sentyabr 2013    Oxunub:1621
Cavidan

- Azad Suriya istənilən aqressiyaya müqavimət göstərə bilər, - deyir Əsəd. - ABŞ Suriyanı da vuracaq, - deyir Bəşər. - Kimyəvi silah tətbiqindən sonra dayanmaq olmaz... – deyir ABŞ.
Və Suriya bombalanacaq. Əvvəlcədən nəzərdə tutulmuş 50 hədəf az görünmüş Ağ evin Qara adamına və Pentaqondan həmən bu hədəflərin say artımına izn üçün müraciət edilmişdir. İlkin raket zərbələrindən sonra düz 72 saat müddətində fasiləsiz bombalanacaq Əsədin ölkəsi. Bəşərin Suriyası.

İraq, Əfqanıstan, Liviya, Misir təcrübələri var artıq. Bu bir-birinin ardınca yaxılıb-yağmalanan Şərq ölkələrinin daha biri özünün tükdən asılı taleyi ilə üz-üzə dayanıb bu saatlarda. ABŞ siyasi strukturu bütün dünyanı özünün müstəmləkəsi, bütün insanları plantasiya qulları kimi görməkdə davam edir. ABŞ-ın Demokratiya adı ilə dünyaya sırımaqda olduğu dəhşətin radikal sektantlıq missiyalarından heç bir fərqi qalmayıb artıq özünün mahiyyətinə görə. Qan üzərində, meyitlər arasında, xarabalıqlar içində bülbül kimi cəh-cəh vuracağına inana bilən bayquş xislətli bir kabusa döndü Amerika.

***

Yadımdadır, uşaq vaxtı evimizə gələn qəzetlərin səhifələrini belə başlıqlar bəzəyərdi: Amerika, Anqoladan əlini çək! Amerika, Vyetnamdan əlini çək! Amerika, Xirosimanı, Naqasakini unutmadıq!

Yadımdadır, bizə beş qəpiklik, on qəpiklik markalar satırdılar məktəbdə. Həmin markalar üçün valideynlərimizdən o xırda pulları elə canfəşanlıqla alardıq ki! Çünki müəllimlərimiz bizə bunları anlatmışdılar: - Bu markaların satışından yığılacaq pulların hamısı Vyetnam uşaqları üçün paltar, çörək, sığınacaq almağa göndəriləcək. Amerika o uşaqların evlərini dağıtmış, ata və analarını öldürmüş, özlərini şikəst və köməksiz hala salmışdır... Biz necə də saf idik o markaları iki-iki, üç-üç almağa çalışaraq! Necə də xoş idi bizə bu dünyanın harasındasa yaşayan yaşıdlarımıza ev, çörək, geyim ala bilmək...

***

Amerika filmlərində biz muzdlu əsgərlərin hərbi döyüş hazırlıqlarını izləyirik və o əsgərlərin dözümü onlara düşünmək üçün zaman kəsiyi verilməməklə sınanır. Bu gün ABŞ bütün dünya ilə də məhz bu cür davranır – düşünməyə zaman kəsiyi buraxmayaraq. Bir-birinin ardınca iç siyasətlərinə və dövlət quruculuqlarına müdaxilə etməyi özünə ümumbəşəri, az qala fövqəladə bir vəzifə kimi tanıyan bu ştatlar birliyindən soruşmaq bu qədərmi çətindir – hanı İraqda qurduğun demokratik rejim? Bəs Əfqanıstanda? Bəs Liviyada? Bəs... ??? Demokratiya əvəzinə hər gün partlayan minalar, hər gün ölən, yaralanan, şikəst olan insanlar kimin vicdanına yazılacaq? Amma soruşmaq üçün düşünmək, düşünmək üçün isə zaman lazımdır – Amerikanın Şərq ölkələrinə vermədiyi, vermək istəmədiyi zaman. Gözümüzü açıb-yumunca daha bir ölkə öncə içindən çalxalandırılır, sonra kənardan hərbi müdaxilə ilə dağıdılır, yerlə-yeksan edilir. Az qaldı. Biz bilmirik ən son anın ən son hökmü kimin xeyrinə veriləcək. Əsədmi Bəşərə qalib gələcək, Bəşərmi Əsədə, kim bilir?! Aşkar görünən və bilinən yalnız budur ki, burada itirən, uduzan tək bir tərəf var – Suriya xalqı və Suriya dövləti.

- Sus, Əsəd, sus! – deyir bu dəqiqələrdə də Bəşər. - Susma, Bəşər, susma! – deyir bu anlarda da Əsəd. - Diktaturaya ölüm! – deyir dünyanın ən böyük Demokrat Diktatoru..


Teqlər:





Xəbər lenti