Azərbaycanda benzin ucuzlaşacaqmı?
![Azərbaycanda benzin ucuzlaşacaqmı? Azərbaycanda benzin ucuzlaşacaqmı?](https://azvision.az/photos/benzinin qiymetiii.jpg)
Azərbaycanda da benzinin qiymətinin aşağı salınması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. İqtisadçı Vüqar Bayramov hesab edir ki, hazırki durumda benzinin qiyməti 30 faiz ucuzlaşa bilər. Ekspertin fikrincə, benzinin 1 litrinin qiymətinin 70 qəpikdən 50 qəpiyə endirilməsi büdcə gəlirlərinə ciddi mənfi təsir göstərməyəcək.
Tarif Şurasından AzVision.az-a verilən məlumata görə, benzinin qiyməti ilə bağlı quruma heç bir müraciət daxil olmayıb.
“Ümumiyyətlə Tarif Şurasında benzinin qiymətinin ucuzlaşması ilə bağlı məsələlər müzakirə edilmir”, - deyə qeyd edilib.
SOCAR prezidenti Rövnəq Abdullayev də benzinin qiymətinin ucuzlaşmayacağını bildirib. Bundan öncə mətbuata açıqlamasında SOCAR prezidenti qeyd edib ki, Azərbaycanda benzinin qiyməti neftin 60-62 dollar qiyməti əsasında hesablanıb.
“Mən əvvəl də demişəm, indi də deyirəm ki, neftin qiymətinin Azərbaycandakı benzinin qiymətinə heç bir təsiri yoxdur. Bunlar bir-birinə bağlı deyil. Bu qiymətləri Tarif Şurası tənzimləyir. Bir daha deyirəm ki, dünya bazarında neftin qiymətinin düşməsi benzinin qiyməti ilə heç bir bağlılığı yoxdur”-deyə R.Abdullayev qeyd edib.
Gültəkin Ələsgər