Misirdə vəziyyət gərginləşib

Misirdə vəziyyət gərginləşib
  03 İyul 2013    Oxunub:1299
Məhəmməd Mursinin tərəfdarları ilə polis arasında qarşıdurmalarda 16 nəfər ölüb.
AzVision.az Reuters agentliyinə istinadən xəbər verir ki, Qahirədə prezident Məhəmməd Mursinin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar nəticəsində 16 nəfər həyatını itirib. 200 nəfər yaralanıb. Onlardan neçə nəfərinin polis olduğu məlum deyil. Şahidlər polislərin onlara qarşı odlu silah və göz yaşardıcı qazdan istifadə etdiyini iddia edirlər.

Qeyd edək ki, Qahirə Universitetinin qarşısında qarşıdurmalar Mursinin misirlilər qarşısında 15 dəqiqəlik çıxışından sonra baş verib. Prezident istefaya getməyəcəyini qəti şəkildə bəyan edib və konstitutsiya intizamını “həyatı bahasına” qorumağa söz verib. O növbəti dəfə müxalifəti dialoqa çağırıb.

Mursinin bu çıxışı minlərlə əleyhdarının qəzəbinə səbəb olub. Müxaliflər, prezidentin sözlərini vətəndaş müharibəsi elanı kimi dəyərləndiriblər, bildirblər ki, istefa verməməklə Mursi vətəndaşlarının istəyinə qarşı çıxır.

Qeyd edək ki, müxalifət Mursiyə istefa vermək üçün 48 saat möhlət vermişdi. Bu müddət artıq bitib. Bu arada Misir ordusunun bütün siyasi qüvvələrə verdiyi analoji ultimatum bu gün yerli vaxtla saat 18:00-da başa çatır. Siyasətçilər küçə qarşıdurmalarına son qoymayacaqları və kompromisə gəlməyəcəkləri təqdirdə, generallar ölkədəki situasiyanı nəzarət altına götürməyə söz veriblər.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti