“Vaqif Bəhmənli yaltaq olsaydı...” – Tanınmış şairdən münasibət

“Vaqif Bəhmənli yaltaq olsaydı...” – Tanınmış şairdən münasibət
  29 Oktyabr 2015    Oxunub:15914
Tanınmış şair Vaqif Bəhmənlinin mədəniyyət və turizm naziri Əbülfəs Qarayev haqda yazdığı şeir ölkə gündəmində geniş müzakirə mövzusuna çevrilib.
Sosial şəbəkələrdə, mətbuatda şairin öz nazirinə vəsf etdiyi şeirlə bağlı xoşagəlməz fikirlər səsləndirilir, onu Əbülfəs Qarayevə yaltaqlanmada ittiham edirlər.

Tanınmış gənc şair Aqşin Yenisey ölkə gündəmini dəyişən olaya münasibət bildirib.

AzVision.az-a açıqlamasında A.Yenisey bildirib ki, Vaqif Bəhmənli xislətcə yaltaq adam deyil:

“Vaqif Bəhmənlinin xislətində yaltaqlıq olsaydı, bu şeir ona töhmət yox, mükafat gətirərdi və hamımız da bunu “yeyərdik”, ədəbiyyat tariximizdə olduğu kimi. Deməli, yaltaq adam deyil ki, bacarmadı. Məni ədəbi mühitə bələd olan bir adam kimi yaşlı bir şairin, yəni ədəbi keçmişimizin öz rəhbərinə şeir həsr eləməsi qəti maraqlandırmır, məni maraqlandıran odur ki, ədəbiyyatımızın gələcəyi olmağa iddialı olan və bu gün Vaqif Bəhmənlini yaltaqlıqda suçlayan gənc yazarların bir çoxu ədəbiyyata nəinki yaltaqlanmaq üçün, hətta yaltaqlanmaq imkanı qazanmaq üçün gələnlərdir və onlar ədəbiyyatımız üçün Vaqifdən qat-qat ziyanlı olan vəzifəli şair və yazıçıları gecə-gündüz tərifləməklə məşğuldurlar. Bu qədər də şırtılıq eləmək nəyə lazım, hamımız bir-birimizi tanıyırıq axı”-deyə şair vurğulayıb.

Qeyd edək ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qalmaqala səbəb olan şeirə görə, Vaqif Bəhmənliyə töhmət verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti