Qələbə paradı başa çatdı - Yenilənib
Rusiya prezidenti, ali baş komandan Vladimir Putin paradda çıxış edib. O, faşizmə qarşı mübarizə aparan bütün xalqlara və dövlətlərə, o cümlədən ABŞ, Britaniya və Fransaya təşəkkür edib.
Parada 16,5 mindən çox hərbçi cəlb olunub. Rusiya hərbçiləri ilə yanaşı Azərbaycan, Qazaxıstan, Belarus, Qırğızıstan, Türkmənistan, Ermənistan, Hindistan, Monqolustan, Serbiya və Çin hərbi bölmələri də meydandan keçib.
Paradda 300-ə yaxın hərbi texnika - yeni “Armata” tankları, T-90 tankları, piyadaların döyüş maşınları, operativ-taktiki “İsgəndər” raketləri, “Smerç” qurğuları, “Buk” hava hücumundan müdafiə sistemləri və dünyada analoqu olmayan S-400 “Triumf” və “Topol-M” zenit-raket sistemləri nümayiş olunub.
Sonda havaya 143 ədəd hərbi helikopter və hərbi təyyarələr havaya qalxıb. Bunlar arasında “Mi 28”, “Mi 8” helikopterləri, “An 22” və dünyanın ən böyük hərbi yük təyyarəsi olan “Ruslan”, “MiQ 31”, “Su-24m”, “Tu-22m3”, “Tu-95”, “Su- 27” və “MiQ 29” hərbi təyyarələri olub.
Təntənəli tədbirə 40-dan artıq dövlətin rəsmi nümayəndəsi, 27 ölkənin dövlət və hökumət başçısı qatılıb. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da hərbi paradda iştirak edib. Dövlət və hökumət başçıları, digər rəsmi şəxslər Moskvada naməlum əsgərin məzarını ziyarət edərək gül-çiçək dəstələri qoyublar. (Apa)
***
Rusiyanın paytaxtı Moskvada Böyük Vətən Müharibəsində əldə edilən Qələbənin 70 illiyi münasibəti ilə təşkil edilən möhtəşəm Parad başlayıb.
Paradda 16,5 min hərbçi, 200-dən artıq hərbi texnika, 140 helikopter və təyyarə iştirak edəcək.
Vladimir Putin və qonaq dövlət başçıları paradı Qırmızı meydandakı xüsusi tribunadan izləyir.
Paradda Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edir.
AzVision.az