Azərbaycanlı gəncin 20 yanvar açıqlaması Türkiyə mətbuatında

Azərbaycanlı gəncin 20 yanvar açıqlaması Türkiyə mətbuatında
  20 Yanvar 2015    Oxunub:4726
Türkiyənin nüfuzlu xəbər portalları “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının 20 yanvar faciəsi ilə bağlı açıqlamasını dərc edib. Qardaş ölkənin ən çox ziyarət olunan portallarından olan internethaber.com və avangartha.com informasiya resurslarında dərc olunan açıqlamada 20 yanvar faciəsinin tarixi və acı nəticələrindən bəhs olunur.

F.Şahbazlı açıqlamasında deyib ki, artıq qanlı 20 Yanvar faciəsindən 25 il ötür. O bildirib ki, 1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridildi: “Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı Çar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi”.

Birlik sədri Türkiyə portallarına verdiyi açıqlamada eyni zamanda vurğulayıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusunun Azərbaycana qarşı hərbi əməliyyatlara başladı: “Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı”.

F.Şahbazlı bildirib ki, faciənin baş verdiyi o ağır günlərdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Azərbaycanın Ulu Öndəri Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və Azərbaycanın digər ərazilərində baş verən qanlı faciəni törədənləri kəskin ittiham edərək 20 yanvar hadisələrinin dünya ictimaiyyətindən gizlədilməsinə imkan vermədi: “Sonrakı illərdə Heydər Əliyevin qətiyyəti sayəsində hadisəyə siyasi və hüquqi qiymət verildi”.

Birlik sədrinin sözlərinə görə, dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir: “Eyni zamanda yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verir. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endirilir”.



Teqlər:





Xəbər lenti