Abbas Abbasov `Azərros`dan kənarlaşdırıldı

Abbas Abbasov `Azərros`dan kənarlaşdırıldı
  18 Yanvar 2015    Oxunub:2776
Moskvada "Azərros" Federal Milli Mədəni Muxtariyyətinin növbədənkənar qurultayı keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, sayca VI olan qurultayda Rusiyanın 34 regionundan olan 80 nümayəndə, 42 nəfər isə digər ictimai təşkilatın nümayəndəsi kimi iştirak edib. Qurultayda Ümumrusiya Azərbaycan Konqresinin regional bölmə rəhbərləri iştirak ediblər.

Qurultayı giriş sözü ilə açan "Azərros"un fəxri prezidenti Söyün Sadıqov qurumda son iki ildə böyük münaqişələrin baş verdiyini bildirib: "Bu intriqalar təşkilatın fəaliyyətini iflic edib. Bütün bunlara dərhal son verilməlidir. "Azərros" nə vaxt güclü təşkilat olsa, o zaman Ümumrusiya Azərbaycan Konqresi, Rusiya Azərbaycanlı Gənclər Birliyi bizim təşkilata hörmətlə yanaşar. Bizi təkcə Rusiya hökuməti deyil, Azərbaycan hökuməti də dəstəkləməlidir. "Azərros" heç kəsin cibinə xidmət etməməlidir. Bu təşkilat Rusiyada yaşayan həmvətənlərimizə xidmət etməlidir. Son iki ildə təşkilatı pis günə qoyublar. Sonuncu qurultayda prezident seçilən Asif Məhərrəmov təşkilat üçün heç bir iş görmədi. Mən indiki qurultayın iştirakçılarından keçən qurultayda baş verənlərə görə üzr istəyirəm. Asif Məhərrəmovun namizədliyini dəstəkləyəndə onu bacarıqlı biri bilirdim. Neçə il polis orqanlarında çalışıb. Lakin o, ümidləri doğrultmadı. "Azərros"da vəzifə tutmaq gələcəkdə hansısa ölkədə nazir və ya digər vəzifə sahibi olmaq demək deyil. Amma Asif Məhərrəmov və digərləri bunu başqa cür başa düşürdülər".

Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov isə qurultay iştirakçılarını təbrik edərək, onlara uğurlar arzulayıb. Rusiya-Azərbaycan münasibətlərindən danışan səfir müavini hər iki ölkənin strateji tərəfdaş, xalqlarının isə tarixən dost olduğunu söyləyib: "Rusiyada yaşayan azərbaycanlılar bu cəmiyyətin bir parçasıdır. Rusiya azərbaycanlıları hər zaman bu ölkənin ictimai-siyasi həyatında fəal iştirak ediblər".

Q.Osmanov Azərbaycan dövlətinin hər bir ölkədə güclü, monolit diasporu olmasında maraqlı olduğunu deyib: "Qurultayı təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq".

Daha sonra Ümumrusiya Azərbaycan Konqresinin Murmansk və Ulyanovsk bölmə rəhbərləri Afil Hüseynov və İslam Hüseynov çıxış ediblər. Onlar regionlarında minlərlə azərbaycanlının yaşadığını qeyd ediblər: "Biz istərdik ki, Ümumrusiya Azərbaycan Konqresi və "Azərros" birgə fəaliyyət göstərsin".

Qurultayda çıxış edən Qalib Ağayev isə təşkilatın bu vəziyyətə düşməsində Ağsaqqallar Şurasının sədri Abbas Abbasovu ittiham edib: "Abbas Abbasov təşkilatı intriqa yuvasına çevirdi. Vəziyyətin bu həddə gəlməsi məhz onun günahıdır". Q.Ağayev qurultayda bu il martın 6-na qədər fasilə elan edilməsini və Federal Şura üzvləri ilə dialoqun davam etdirilməsini təklif edib: "Biz "Abbas Abbasovun düşərgəsində" olan Federal Şura üzvlərinə təşkilatla bağlı dialoq təklif edirik".

Qurultaya qurumun istefa vermiş prezidenti Asif Məhərrəmov da qatılıb. Ona "Azərros" üzvləri tərəfindən suallar verilib. Asif Məhərrəmovun qurultayın bu formatda keçirilməsinə etirazını bildirməsi qurultay iştirakçılarının qəzəbinə səbəb olub. Qurultayın gedişində Söyün Sadıqovla Asif Məhərrəmov arasında mübahisə yaşanıb. Daha sonra Asif Məhərrəmov qurultayı tərk edib.

Mandat Komissiyasının sədri Qalib Hüseynov VI qurultayın keçirilməsi üçün yetərsayın olduğunu bildirib. Qurultayın sədri Söyün Sadıqov, katibi isə Nizami Bəşirov seçilib. İştirakçılar bir sıra məsələləri müzakirəyə çıxarıblar. Keçmiş prezident Asif Məhərrəmovun istefası təsdiqlənib. "Azərros"un yeni nizamnaməsi qəbul olunub, Ağsaqqallar Şurası ləğv edilib.

"Azərros" prezidentliyinə namizəd olan Qalib Ağayev, Mehriban Abdullayeva, Yusif Xıdırov və Ziyafər Surxayevin çıxışlarından sonra qurultaya hazırlıq işlərinin davam etdirilməsi qərara alınıb. Qurultayda 2015-ci il martın 6-na kimi fasilə elan olunub.

Qeyd edək ki, qurultayın gedişatına maneə törətməyə cəhd olunub. Belə ki, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi tədbirin Moskva Millətlər Evində keçirilməsini elan etsə də, sonradan qurultayın keçiriləcəyi ünvan dəyişdirilib. Moskva Millətlər Evindən "Azərros"un qurultayının keçirilməsinə verilən icazə ləğv olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti