Azərbaycandan girovlarımızla bağlı Avropaya MÜRACİƏT

Azərbaycandan girovlarımızla bağlı Avropaya MÜRACİƏT
  12 Dekabr 2014    Oxunub:1778
Berlində fəaliyyət göstərən Avropa Azərbaycanlıları Konqresi (AAK) Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujniyeksə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülən və barələrində qondarma məhkəmə prosesi aparılan soydaşlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı müraciət ünvanlayıb.
Diasporla İş Üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar ünvanlanmış müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi, BMT Təhlükəsizlik Şurası tərəfindən bununla bağlı qətnamələr qəbul olunduğu xatırlanır. Bu il iyulun 12-də doğulduqları torpaqlarda yaxınlarının məzarlarını ziyarət etməyə gedərkən Ermənistan silahlı qüvvələri tərəfindən Şahbaz Quliyevin, Dilqəm Əsgərovun və Həsən Həsənovun girov götürüldüyü bildirilir. Onlardan Həsən Həsənovun amansızlıqla qətlə yetirildiyi diqqətə çatdırılır. Qondarma “Dağlıq Qarabağ respublikası”nın Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı “məhkəmə” prosesinə başlamasının qanunsuz olduğu bildirilir.

AAK Avropa ictimaiyyətini insan hüquqlarının norma və prinsiplərinin pozulmasına biganə qalmamağa çağırıb. Azərbaycanlı girovların həyatının hər an təhlükədə olduğu vurğulanan müraciətdə təşkilat Şahbaz Quliyev və Dilqəm Əsgərovun pozulmuş hüquqlarının bərpası istiqamətində yardım göstərilməsini tələb edir.

Müraciətdə deyilir: “Biz dünya ictimaiyyətini beynəlxalq hüquq normaları çərçivəsində və ikili standartlara yol vermədən Ermənistanın işğal siyasətinə münasibət bildirməyə, insanların pozulmuş hüquqlarının müdafiəsi və bərpası üçün birlik və obyektiv mövqe nümayiş etdirməyə çağırırıq”.

AzVision.az


Teqlər:





Xəbər lenti