Putinin kritik Türkiyə səfəri - Azərbaycan nə qazanacaq?

Putinin kritik Türkiyə səfəri - Azərbaycan nə qazanacaq?
  01 Dekabr 2014    Oxunub:2985
`Putinin Türkiyə səfəri Azərbaycanın xeyrinə olacaq`.

Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyəyə rəsmi səfər edəcək. Səfər hələ başlamasa da dünyanın diqqəti Türkiyəyə yönəlib. Bir yandan Qərbin sərt sanskiyaları ilə üzləşən Rusiya, digər yandan bölgədə güc sahibi olan Türkiyə üçün Putinin səfəri mühüm əhəmiyət kəsb edir.

Maraqlıdır, Putinin Türkiyə səfərinin pərdəarxasında hansı maraqlar dayandır? Səfərin gerçək səbəbi nədir?

Politoloq Elxan Şahinoğlu Putinin Türkiyə səfərini AzVision.az-a şərh edərkən bildirib ki, bu səfər sanskiyaların tətbiq olunduğu Rusiya üçün, eləcə də öz mallarını Rusiya bazarlarına çıxarmaqda maraqlı olan Türkiyə üçün əhəmiyyəlidir:

“Rusiya Qərbin sanskiyaları ilə üzə üzədir və Krımın işğalı, Ukraynanın qərbindəki separatçılığa dəstəyinə görə, yaxın illərdə Putin Avropanın heç bir ölkəsinə səfər edə bilməyəcək, heç bir dəvət almayacaq. Ona görə də Türkiyənin dəvətini qəbul edib və bu ölkə ilə əməkdaşlığa böyük ehtiyacı var. Rusiya Avropadan ərzaq məhsulları ala bilmir, bunu yalnız Türkiyədən ala bilər. Bu ölkə ilə enerji əməkdaşlığı yüksək səviyyədədir, nüvə elektrik stansiyası tikilir, rusiyalı turistlər bura axın edir, bu baxımdan Türkiyə də öz növbəsində Rusiya ilə əməkdaşlıqda maraqlıdır”.

Politoloq hesab edir ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar da Türkiyə üçün sərfəlidir, çünki öz mallarını Rusiyaya çıxarmaq imkanı əldə edir.

“Buna baxmayaraq, müəyyən məsələlər var ki, iki ölkə arasında fikir ayrılığına gətirib çıxarır. Bunlardan biri Suriya münaqişəsidir. Digəri isə Rusiyanın Krımı işğalından sonra hərbi bazalarının sayını artırmaq istəyidir. Bu da Qara dəniz ölkəsi kimi Türkiyəni narahat edir. Böyük ehtimalla Putin Ankarada bağlı qapılar arxasında Ərdoğanla bu məsələləri müzakirə edəcək”.

Putinin Türkiyə səfərinin Cənubi Qafqazdakı proseslərə təsirinə gəlincə, E.Şahinoğlu bildirib ki, bu, Azərbaycanın da xeyrinə olacaq. Belə ki, Türkiyə Azərbaycanın strateji müttəfiqi olduğundan çox istəyir ki, Rusiya Ermənistana təsir edib, Qarabağ münaqişəsinin ədalətli həllində rol oynasın:

“Çox təəssüf ki, Rusiya bu imkanından istifadə etmir. Amma Türkiyə bu məsələni daim gündəmdə saxlayır. Türkiyə Rusiya yaxınlaşması isə Ermənistan hökumətini narahat edir. Ermənistan hakimiyyəti qorxur ki, Türkiyə ilə Rusiya yaxınlaşsa, bu ölkənin istəkləri arxa plana keçə bilər. Bu mənada Putinin səfəri bizim xeyrimizədir ki, onların təmasları artsın. Amma bu səfərin nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət dəyişikliyin olacağını gözləmək də olmaz”.

Səfər zamanı qeyri-rəsmi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunub-olunmayacağını da şərh edən politoloq bildirib ki, bu mövzu müzakirələrin əsas predmeti olmayacaq:

“Səfərin mövzuları çoxdur – iqtisadi əməkdaşlıq, kənd təsərrüfatı və ərzaq məhsullarının daha çox Rusiya bazarına gətirilməsi, Suriya və Krım mövzusu. Hər halda bağlı qapılar arxasında Ərdoğan Dağlıq Qarabağ məsələsini gündəmə gətirəcək və ola bilsin Putin yenə də vəd versin ki, münaqişənin həllində rol oynamağa hazırdır. Amma bu, Rusiyanın Qarabağ siyasətini dəyişəcəyi anlamına gəlmir”.

E.Şahinoğlu onu da qeyd edib ki, Putinlə Ərdoğanın görüşündə iki ölkə arasındakı ticarət mübadiləsinin həcminin 100 milyard dollara çatdırılması da müzakirə olunacaq məsələlərdən biridir:

“Rusiya isə bu ticarət mübadiləsinin rublla olmasını istəyir. Bu da Amerika və Avropanın sanksiyalarına görə dollardan xials olmaq istəyi ilə bağlıdır. Bu isə çox çətindir. Çünki dünyanın bütün aparıcı ölkələri ticarət mübadiləsində dollar və avro ilə hesablaşır. Hətta Çin də sona qədər dollardan imtina etmək istəmir. Ola bilər ki, Türkiyə hansısa addımlar atsın, amam başqa ölkə ilə ticarətdə dollardan tamamilə imtina etməsi iqtisadiyayta müəyyən qıədər zərər verə biləcəyindən inanmıram ki, Ərdoğan Putinin bu istəyinə razı olsun”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti