Rasim Balayev Baş nazirə müraciət etdi

   Rasim Balayev Baş nazirə müraciət etdi
  08 May 2024    Oxunub:961
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev “Kinematoqrafiya haqqında” qanunun yerli kinematoqrafçıların qonorarlarını nizamlayan 38 nömrəli qərarı ilə bağlı Baş nazir Əli Əsədova məktub ünvanlayıb.
AzVision.az xəbər verir ki, məktubda deyilir ki, Hesablama Palatasının dövlət sifarişini icra edən dövlət studiyalarında apardığı yoxlamalarda əsas iradlardan biri müəllif qonorarlarının sözügedən qərarda təsbit edilmiş məbləğlərdən çox olmasıdır.

Son iki ildə kino istehsalının durğunluğuna da diqqət ayıran AKİ sədri məktubunda qeyd edir: “1997-ci ildən sonra minimal əməkhaqqı dəfələrlə artıb, hətta 2016-cı ildən ölkəmiz uğurla yeni manata keçib, işçi əməyinin keyfiyyəti və dəyəri yüksəlib. Qeyd edim ki, adıçəkilən qərardan 27 il keçməsi səbəbindən kino sahəsində yeni peşələr də əmələ gəlib ki, onların qonorarlarının məbləğini bu qərar ehtiva etmir. 2023-cü ildə Palatanın apardığı yoxlamanın nəticələri AR prokurorluğuna göndərilib. Prokurorluq orqanları da aparılan yoxlamaya əsasən qonorarların 1997-ci ildə qəbul edilmiş qərara əsasən verilməməsini, məbləğindən asılı olaraq artıq sərfiyyat və ya mənimsəmə kimi şərh edir. Qeyd edim ki, iki ildir dövlət tərəfindən maliyyə ayrılmasına baxmayaraq, dövlət sifarişi ilə film çəkilişləri dayandırılıb.

1997-ci ildə qəbul edilən qərara çəkiliş heyətinin məvaciblərinin miqdarı da daxildir və qərarın tarixini nəzərə alsaq, oradakı məbləğlərin indi qəbul edilmiş minimal əməkhaqqından az olması heç də qəribə deyil. Bu hal da istehsalı reallaşdıran studiyaları, Əmək Məcəlləsini pozmamağa, amma, 38 nömrəli qərarın bəndini pozmağa məcbur edir və nəticə olaraq Hesablama Palatası iradlarını bildirir. Xahiş edirəm, adıçəkilən qərarın dövlət sifarişi ilə film istehsalının bərpa olunmasına ciddi maneə yaratması səbəbindən aidiyyəti şöbələrə qərarın zamanın tələblərinə uyğunlaşdırılması göstərişini verəsiniz”.

AzVision.az


Teqlər:





Xəbər lenti