Qəzzada dönüş nöqtəsi: Baydendən İsrailə silahla bağlı xəbərdarlıq

      Qəzzada dönüş nöqtəsi:    Baydendən İsrailə silahla bağlı xəbərdarlıq
  09 May 2024    Oxunub:1265
“İrail əsgərləri Qəzza zolağının Rəfah şəhərinə daxil olarsa, ABŞ bu ölkəyə bəzi silah növlərinin tədarükünü dayandıracaq”.
Bunu ABŞ prezidenti Cozef Bayden “CNN” telekanalına müsahibəsində deyib. “Mən açıq şəkildə bildirdim ki, əgər onlar Rəfaha daxil olsalar, mən silah, aviabomba və artilleriya mərmisi tədarük etməyəcəyəm. Amma hələ Rəfaha daxil olmayıblar”- deyə, o bildirib.

Onun sözlərinə görə, İsrailə müdafiə məqsədilə bəzi növ silahların tədarükü davam edəcək: “Dəmir qübbə” baxımından İsrailin təhlükəsizliyini təmin etməyə davam edəcəyik”.

Prezident əlavə edib ki, İsrail Rəfahda əməliyyata başlamadığı üçün Qəzza zolağındakı münaqişədə hələ də qırmızı xətti keçməyib.

“Onlar sakinlərin məskunlaşdığı ərazilərə getməyiblər. Hadisələr sərhəddə olub. Mən İsrailin baş naziri Binyamin Netanyahu və Müharibə Kabinetinə müraciətdə etdim: Əgər onlar həqiqətən məskunlaşma ərazilərinə getsələr, bizim dəstəyimiz olmayacaq”.

“CNN”in məlumatına görə, Baydenin açıqlaması Qəzza münaqişəsində dönüş nöqtəsidir. Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, Vaşinqton Rəfah ətrafındakı vəziyyətlə əlaqədar İsrailə qısamüddətli hərbi yardımı nəzərdən keçirir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti