TQDK sınaq imtahanı keçirəcək

TQDK sınaq imtahanı keçirəcək
  03 May 2013    Oxunub:2254
TQDK mayın 5-də Respublikanın 31 şəhər və rayonunda sınaq imtahanları keçirəcək
Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, TQDK mayın 5-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə Respublikanın 31 şəhər və rayonunda sınaq imtahanları keçirəcək.


Sınaq imtahanı Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Şamaxı, Şəki, Qax, Tərtər, Zərdab, Ağsu, Füzuli, Sabirabad, Neftçala, Astara, Lerik, Gəncə, Goranboy, Göygöl, Qazax, Lənkəran, Ağcabədi, Quba, Şirvan və Göyçay şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 54 binada keçiriləcək.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılmışdır. Qeydiyyatdan keçən 39366 abituriyentdən 19371 nəfəri oğlan, 19995 nəfəri isə qızdır.

İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcəkdir. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar!

TQDK tərəfindən keçirilən sınaq imtahanlarının son illər Respublikanın bütün bölgələrini əhatə etməsi, demək olar, hər bir şəhər və rayonda keçirilməsi nəticəsində regionlarda yaşayan abituriyentlərə də bu imtahanlarda rahat şəkildə iştirak imkanı yaradılır. Artıq ən ucqar yaşayış məntəqələrində yaşayan gənclərimizin də hazırlıq səviyyələrini yoxlamaq üçün mərkəzi şəhərlərə üz tutmalarına ehtiyac yoxdur.

Bu imtahanların üstün cəhətlərindən biri də yaradılan şəraitin, ümumilikdə imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.


Teqlər:





Xəbər lenti