İvanovkalılar şikayət edir, “Azərsu” isə təkzib

İvanovkalılar şikayət edir, “Azərsu” isə təkzib
  27 Avqust 2014    Oxunub:3705
“İsmayıllının ruslar yaşayan İvanovka kəndi içməli su ilə tam təchiz olunub. Orada içməli su problemi yoxdur”.
Bunu AzVision.az-a açıqlamasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

İvanovka sakinlərinin içməli su problemi ilə bağlı şikayətinin araşdırıldığını deyən qurum rəsmisi bildirib ki, hazırda kəndin əhalisinin içməli su problemi yoxdur:
“Hər gün saat birdən-beşə qədər İvanovka kəndi ilə yanaşı digər kəndlər də içməli su ilə təchiz olunur. Sadəcə, yay aylarında quraqlıq olduğu üçün vətəndaşlar içməli sudan suvarmaq məqsədi ilə də istifadə edirlər. Buna görə də ola bilsin ki, içməli su problemi yaranır. Amma, yenə deyirəm, “Azərsu” İvanovka kəndini içməli su ilə təchiz edir”.

Xatırladaq ki, İvanovka kəndi sakinlərinin saytımıza bildirdiyinə görə, su pulunu vaxtlı-vaxtında versələr də isti yay günlərində susuzluqdan əziyyət çəkirlər:

“Bir aydır ki, suyumuz gəlmir. İsti havada susuz necə qalmaq olar? Susuzluqdan ölürük. İçməyə bir stəkan su da tapa bilmirik. Məcbur olub maşınla su alırıq. Bir maşın su da 40, 50 manatdır. Buna bizim imkanımız yoxdur. Qarnımızı güclə doyuzdururuq, suyu necə alaq? Xahiş edirik dövlət qurumları bizə kömək etsinlər”.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti