“İsa Qəmbər əvəzedilməz deyil” – Müsavata ittihamlar

“Heç kim əvəzolunmaz deyil, o cümlədən partiya başqanı...”
Vaxtilə Müsavat partiyasının əsas siyasi fiqurlarından olan, hazirda partiyanın sıravi üzü Adil Qeybullanın AzVision.az-a müsahibəsini təqdim edirik:
- Adil bəy, bildiyimiz kimi, Müsavat Partiyasının qurultay problemi hələ də həll edilməyib. Partiyanın son qərarına görə, qurultayın senytabrın 27-də keçirilməsi nəzərdə tutulub. Sizcə, qurultay keçirilərsə partiyanın yeni başqanı kim olacaq, yaxud kim bu posta layiqdir?
- Başqanlığa iddialı olanların hamısı bu posta real namizəddir. Onlar kifayət qədər tanınmış adamlardır və hər birinin də öz üstünlüyü var. Digər tərəfdən isə son söz təbii ki, qurultayındır. Kimlərinsə daha şanslı hesab etdiyi namizəd qurultayda başqan seçilməyə də bilər. Qurultayı gözləmək lazımdır. Bizim öz namizədimiz olacaq.
- Sizin namizədiniz kim olacaq? Siz özünüz?
- Nə qədər ki, Müsavatın rəhbərliyində müəyyən adamlar var mən rəhbər vəzifə üçün namizədliyimi vermərəm.
- Adil bəy, belə şərh edirlər ki, İsa Qəmbər partiya başqanlığından getsə, Müsavat parçalana bilər. Bu barədə nə düşünürsünüz?
- Hesab edirəm ki, burada heç bir faciə görmək lazım deyil. Heç kim əvəzolunmaz deyil, o cümlədən partiya başqanı. Bir partiyanın parçalanması da, birləşməsi də normal haldır. Demokratik cəmiyyətlərdə bu hadisələrdən faciə düzəltmirlər, bu, yalnız bizdə belədir.
Bundan başqa Müsavat Partiyası müsavatçılığın tam hökmdarı demək deyil. Müsavatçılıq millətin ideologiyasıdır və müsavatçılıq həm də o demək deyil ki, mütləq partiya mənsubiyyətin olmalıdır.
- Qeyd etdiniz ki, hər bir namizədin öz üstünlüyü var. Onların hansı cəhətlərini başqanlıq üçün layiqli sayırsız?
- Məsələn, Qubad İbadoğludan söhbət gedirsə, onun çox yaxşı beynəlxalq əlaqələri var. QHT rəhbəri kimi dünyada tanınır. Bu günlərdə Qırğızıstan parlamentində prezident səviyyəsində qəbul olunub. Beynəlxalq əlaqələri güclü olduğuna görə onun partiya başqanı olması həm partiyanın, həm də Azərbaycanın xeyrinədir.
Digər namizəd Tural Abbaslı da gəncdir, enerjilidir. Bunlar üstünlükdür və bunu nəzərə almamaq mümkün deyil.
- Amma Tural Abbaslı ilə bağlı adətən bu fikri səsləndirirlər ki, başqan olmaq üçün yaşı çox azdır.
- Tural Abbaslının artıq 30-dan çox yaşı var və bu yaşda dövlət idarə edənlər var. Niyə də partiya rəhbəri olmasın?
- Müsavat rəhbərliyindəki müəyyən adamlar orada odluqca namizəd olmayacağınızı qeyd etdiniz. Kimdir onlar?
- Müsavatçılıq Müsavat Partiyasından geniş anlayışdır. Mən adətən bəzi adamların Azərbaycanda müsavatçılığı bir partiyanın adına yazmaq cəhdlərini görürəm və partiya başqanını az qala prezidentdən sonra ikinci siyasi post elan etmək qədər macəraçı təkliflərini də oxumuşuq. Azərbaycanda müsavatçılıq ideyasına söykənən xeyli siyasi partiya var, bunu unutmaq olmaz.
Müsavat partiya olaraq öz missiyasını 1918-20-ci illərdə yerinə yetirib. Bu gün Azərbaycan cəmiyyətində elə qüvvələr lazımdır ki, cəmiyyəti demokratiya istiqamətində irəlilədə bilsin.
Müsavatın adından spekulliyasiya edib onun resurslarını xərcləməklə məşğul olmaq yaxşı nəticə deyil. Bu gün də partiyanın bu günə düşməyində, zəifləməyində bu cür təbliğatın və fəaliyyətin böyük rolu olub.
- Qurultayda partiya rəhbərliyi dəyişəndən sonra partiyada fəaliyyətinizi davam etdirəcəksinizmi?
- Hazırda sıravi üzv kimi Müsavat Partiyasındayam. Söhbət rəhbərlikdə təmsil olunmaqdan gedirsə, bu məsələ mənim üçün aktual deyil. Vəziyyətə baxarıq. Yəqin ki, bu, situasyon həll olunacaq.
Fatimə Kərimli