Çin Amerika gəmilərini 20 dəqiqəyə batıra bilər?

   Çin Amerika gəmilərini 20 dəqiqəyə batıra bilər?
  14 Aprel 2025    Oxunub:947
Çinin hipersəs sürətli raketləri cəmi 20 dəqiqə ərzində ABŞ-nin bütün təyyarə daşıyan gəmilərini məhv edə bilər.
AzVision.az “Interesting Engineering” portalına stinadən xəbər verir ki, ABŞ-nin Müdafiə naziri Pit Heqset belə sensasion bəyanat səsləndirib.

“Hal-hazırda, bizim bütün güc layihələri platformamız təyyarə daşıyıcılarıdır və bütün dünyada strateji olaraq gücü layihələndirmək qabiliyyətidir. Çinin 15 hipersəs sürətli raketi münaqişənin ilk 20 dəqiqəsində 10 təyyarə daşıyan gəmini məhv edə bilər. Pentaqonun həyata keçirdiyi hər müharibə oyununda ABŞ Çinə uduzur. Çin ABŞ-ni məhv etmək üçün xüsusi olaraq hazırlanmış ordu yaradır”, - Pentaqonun rəhbəri vurğulayıb.

ABŞ üçün belə məyusedici vəziyyətə görə məsuliyyəti Pit Heqset ölkədəki bürokratiya və Çinin artan üstünlüyü fonunda silah alışının yavaş tempi ilə əlaqələndirib. Amerikanın Müdafiə nazirliyinin son hesabatına görə, Çinin hipersəs sürətli raket texnologiyası 20 il ərzində əhəmiyyətli dərəcədə irəliləyib və hazırda kifayət qədər müasirləşib.

Xatırladaq ki, bundan əvvəl NATO-nun baş katibi Mark Rütte Çinin hərbi güclənməsinin inanılmaz sürətlə getdiyini və bütün dünyada sabitliyə birbaşa təhdid olduğunu iddia etmişdi.

Eyni zamanda, Çinlə hərbi qarşıdurmanı istisna etməyən Amerika komandanlığı ABŞ-nin böyük silah çatışmazlığı səbəbindən potensial münaqişəyə hazır olmamasından narahatlığını gizlətmir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin   ABŞ   gəmilər  





Xəbər lenti