Qəzadan sağ çıxan sərnişin stüardessanın şücaətindən danışdı

   Qəzadan sağ çıxan sərnişin  stüardessanın şücaətindən danışdı
  26 Dekabr 2024    Oxunub:416
Aktauda "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində sağ qalan yekaterinburqlu sərnişin Subxonkul Rəhimov TASS-a diqqət çəkən açıqlamalar verib.
O, azərbaycanlı stüardessa haqqında müsbət fikirlər səsləndirib. Sərnişin stüardessanın peşəkarlığını yüksək qiymətləndirib, onun kritik məqamda əzmkarlıq və cəsarət nümayiş etdirməsindən söz açıb. Subxonkul Rəhimov qeyd edib ki, qadın son ana qədər üzərinə düşən vəzifəni mükəmməl şəkildə yerinə yetirib.

Hökumənin cənazəsi bu gecə Bakıya gətiriləcək
"Pilotlara daha yaxın olan stüardessa dəhşətli vəziyyət olmasına baxmayaraq, çox möhkəm dayanırdı. Stüardessa belə bir vəziyyətdə yerinə yetirməli olduğu bütün funksiyaların, vəzifələrin öhdəsindən gəldi",- o qeyd edib.

Qəzadan sağ çıxan sərnişin qeyd edib ki, məhz stüardessanın əmr və tapşırıqlarına itaət edib: "Onun verdiyi komandaya mən qulaq asıb oturacağa bərk söykəndim".

"O, öz işini mükəmməl şəkildə yerinə yetirdi! Yadımdadır ki, hər kəsə "sakit olun" deyəndə orada bir nəfər nəyəsə etiraz edirdi. Əlbəttə sakitliyi qorumaq lazım idi. Qadın sadəcə “hər şey yaxşı olacaq, sakitliyi qoruyun” deyirdi. Əsasən azərbaycanca danışırdı və insanları sakitləşdirməyi bacardı”, - Subxonkul Rəhimov təyyarədə baş verənləri xatırlayıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Təyyarə   Qəza   Stüardessa  





Xəbər lenti