Gürcünün arzuları | Vüsal Məmmədovun yazısı

// Hər iki tərəf körpüləri niyə yandırır?

      Gürcünün arzuları |    Vüsal Məmmədovun yazısı
  29 Noyabr 2024    Oxunub:2381
Gürcü, əslində, çox şey istəmir. Çaxırından içib, Rusiya ilə sülh haqqında sağlıq deyə-deyə Avropa İttifaqına qoşulmaqdır gürcünün arzusu. Ona görə də “Gürcü arzusu” Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilə qədər gündəmdən çıxardığını bəyan edəndə gürcü öz “arzu”suna qarşı etiraza qalxdı.
Gürcüyə bir az da elə gəlir ki, əgər Konstitusiyanın 78-ci maddəsi olmasaydı, “arzu”su ümumiyyətlə, Avropa İttifaqından üz döndərərdi. Həmin maddədə ölkənin bütün institutlarının boynuna Aİ və NATO-ya daxil olmaq üçün bacardıqları hər şeyi etmək öhdəliyi qoyulub. Özü də bu təkcə Konstitusiyanın hərfi deyil, həm də gürcünün arzusudur. Belə çıxır ki, “Gürcü arzusu” gürcünün arzusuna qarşıdır... Niyə hər şey belə qəlizdir? Axı cəmisi 3 ay əvvəl xoşbəxtlik elə mümkün və elə yaxın görünürdü ki... İndi isə qarşılıqlı sevgi qarşılıqlı nifrətə dönüb.

“Gürcü arzusu” Aİ ilə bağlı qərarını elan edən gün Avropa İttifaqı da Gürcüstandakı seçkinin nəticəsini tanımadığını açıqladı. Bu olduqca sərt qərar azmış kimi, Avropa Parlamenti Avropa Komissiyasını Gürcüstanın rəhbər şəxslərinə sanksiya qoymağa və ölkənin vətəndaşlarının Şengen zonasına vizasız gediş-gəliş icazəsinə yenidən baxmağa çağırdı. Körpülər hər iki tərəfdən yandırılır. Əcəba, bu elə həmin Gürcüstandır axı – heç nə dəyişməyib! Avropa İttifaqı məhz elə “Gürcü arzusu”nun idarə etdiyi Gürcüstana qapılarını açmışdı. Elə həmin Gürcüstana da bağladı.

Dəyişən odur ki, Avropa İttifaqına Rusiyaya qarşı qoya biləcəyi bir Gürcüstan lazım idi. Amma “Gürcü arzusu” parlamentdən keçirdiyi iki qanunla göstərdi ki, ölkənin yüyənini Brüsselin əlinə vermək fikrində deyil. Siz əgər Avropa İttifaqına qoşulmaq istəyirsinizsə, daxili işlərinizə müdaxilə yollarını bağlaya və LGBT-nin təbliğatını yasaqlayan qanunlar qəbul edə bilməzsiniz. Bu elə Qərbə meydan oxumaq deməkdir. Qərbə isə müti Gürcüstan lazım idi.


Budapeştdə keçirilən Avropa Siyasi İcmasının sammiti zamanı Gürcüstanın baş naziri İrakli Kobaxidze əlifba sırasına görə Fransa prezidenti ilə Almaniyanın baş nazirinin arasında əyləşməli idi. Amma onu Brüssellə arası yaxşı olmayan digər şəxsin – Slovakiyanın baş naziri Robert Fitsonun yanında oturtdular. Xoşbəxtlikdən, cənab Kobaxidze Avropaya yaxşı bələddir və belə oyunlardan pərt olan deyil. Üzləşdiyi davranışdan asılı olmayaraq, ölkəsinin maraqlarının nə olduğunu çəkinmədən Qərbin üzünə deyə bilir.

Bəs nədir Gürcüstanın maraqları? Əvvəla, Avropa Birliyinə daxil olsa, Gürcüstan bir çox ölkələrlə, o cümlədən də Rusiya və Azərbaycanla viza rejiminə keçməlidir. Təkcə rusiyalı turistlər hər il Gürcüstanın turizm biznesinə 4–4,5 milyard dollar qazanc gətirirlər. Bundan başqa, Aİ-yə üzvlük o deməkdir ki, Tiflis bir sıra ölkələrlə sərbəst ticarət apara bilməyəcək. Bu, ölkə iqtisadiyyatının əsas sahələrindən olan şərabçılığın çökməsi deməkdir, çünkü gürcülərin məşhur çaxırının 70%-i Rusiya bazarına gedir. Avropa gürcü çaxırı ilə sağlıq deməyə hazır deyil və güman ki, olmayacaq da.


Bunları nəzərə alanda, ölkənin xarici işlər naziri Maka Boçorişvili tamamilə haqlıdır: “Hazırda nə Gürcüstan Avropa İttifaqına daxil olmağa hazırdır, nə də Avropa İttifaqı Gürcüstanı qəbul etməyə”. Avropa İttifaqına olsa-olsa, Rusiyaya qarşı yeni cinah yaratmaq lazımdır. Amma “cinah əvəzinə üzvlük” olduqca pis sövdələşmədir və Gürcüstana baha başa gələ bilər. Onun baş tutmamasına sevinmək lazımdır, küçələrə çıxıb polislə əlbəyaxa olmaq, soyuq qış gecəsində özünü su şırnağının altına vermək yox.

Bütün bu əhvalatda “Gürcü arzusu” gürcü arzusundan daha realist, hətta daha müdrik görünür. Belə də olmalıdır. Bəzən yaxından bələd olanda arzundan vaz keçirsən. Gürcü xalqının da Avropaya daha yaxından bələd olması lazımdır.

Vüsal Məmmədov
AzVision.az saytının baş redaktoru


Teqlər: Gürcüstan  





Xəbər lenti