Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb - FOTOLAR

      Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb    -    FOTOLAR
  07 Noyabr 2024    Oxunub:658

Bu il Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən bir, Xalq rəssamı Səttar Bəhlulzadənin (1909-1974) anadan olmasının 115, vəfatının 50 illiyidir. Bu münasibətlə noyabrın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb.
AzVision.az xəbər verir ki, sərginin açılış mərasimində Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli və tanınmış incəsənət xadimləri iştirak ediblər.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın muzeyin kolleksiyasından seçilmiş 40-dan çox rəngkarlıq və qrafika əsəri yer alıb. Bununla yanaşı, görkəmli sənətkarın muzey tərəfindən yeni əldə olunan 2 rəsm albomu ilk dəfə nümayiş etdirilir. Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikovadır.

Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Xalq rəssamı Səlhab Məmmədov, tanınmış siyasi və dövlət xadimi Həsən Həsənov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, muzeyin Elmi-tədqiqat şöbəsinin müdiri Telman İbrahimov çıxış edərək Səttar Bəhlulzadənin milli təsviri sənətdə qoyduğu təkrarsız izdən danışıb, sərginin əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, hələ sağlığında adı əfsanəyə çevrilmiş Səttar Bəhlulzadə bütün yaradıcılığı boyu böyük məhəbbətlə sevdiyi doğma yurdun təbiətini tərənnüm edib və öz əsərlərində onun bütöv obrazını əbədiləşdirib. Rəssamın tablolarının koloritində hansısa aparıcı rəng üstünlük təşkil edir və onun köməyi ilə çox zaman əsərin aid olduğu konkret yaradıcılıq mərhələsini təyin etmək mümkündür. Sərginin ekspozisiyasında yer alan əsərlər də məhz bu prinsip əsasında təqdim olunur.

Sənət yolunun başlanğıcını təcəssüm edən mavi rəngli ilk zalda realizmdən qaynaqlanan təbiət təsvirləri, əbədi gənclik, mənəvi hüzur, təbiət gözəlliklərinə məhəbbətlə əlaqələndirilən yaşıl zalda isə Azərbaycan mənzərələrinin ayrı-ayrı cizgiləri, qrafik rəsmləri yer alıb.

Qırmızı zalda sənətə böyük məhəbbətlə bağlanan rəssamın öz dəst-xəttini formalaşdıraraq milli mənzərə rəngkarlığında yeni səhifə açdığı dövr əks olunub. Sarı zal isə odlar yurdu Azərbaycanın valehedici mənzərələrini təcəssüm etdirərək həm də rəssamın sakral dünyasının ifadəçisidir.

Yaradıcılığının kulminasiya nöqtəsini həyatı boyu yaşatdığı mənəvi paklığı, daxili nuru, sənətkar və şəxsiyyətin bir varlıqda vəhdətini özündə ehtiva edən bəyaz zal isə xəyal etdiyi “Gülüstan”a, sanki ağ duvağa bürünmüş “Xəzər gözəli”nə, “Mavi əfsanə”yə, tərənnüm etməkdən usanmadığı Abşerona əbədi sevgisinin izharıdır.

Multimedia vasitələrindən istifadə edilən sərgidə rəssamın “Gülüstan” əsəri animasiya formasında da təqdim olunur. Bununla yanaşı, sənətkarın vitrində sərgilənən albomlarının bütün səhifələri sensorlu ekran (touchscreen) vasitəsilə nümayiş edilir, həmçinin “Bu, Səttar Bəhlulzadədir” sənədli filmindən fraqment göstərilir.

Sərgi 31 yanvar 2025-ci il tarixinədək davam edəcək.

AzVision.az

Qalereya




Teqlər: Sərgi   SəttarBəhlulzadə  





Xəbər lenti