Borrel: “Ukrayna müharibəsi ikinci plana keçib”

      Borrel:    “Ukrayna müharibəsi ikinci plana keçib”
  28 Oktyabr 2024    Oxunub:861
Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Ukraynadakı müharibənin hazırda “arxa plana” keçdiyini etiraf edib.
AzVision.az xəbər verir ki, Jozep Borrel “RNE” radiostansiyasına müsahibəsində Yaxın Şərqdə baş verənlərin bəşəriyyətin insanlıq hissini itirdiyini göstərdiyini iddia edib. Onun sözlərinə görə, Ukraynadakı müharibə haqqında sanki bitmiş kimi az danışılır. Lakin Borrel inandırmağa çalışıb ki, bu müharibə eyni intensivliklə davam edir. Bununla belə, hazırda Yaxın Şərqdə baş verənlər daha böyük alovun yaranmasına səbəb ola bilər.

“İsrailin sistematik şəkildə nə qədər BMT qətnamələrinə əməl etmədiyini bilmirəm. Biz atəşkəs tələb edirik deyəndə, tələb bizim məcbur etmək qabiliyyətimiz deməkdir. Qəzza və Livanda müharibə davam etdikcə, biz daha böyük bir yanğına səbəb olacaq qığılcımın astanasında yaşayacağıq”, - yüksək vəzifəli avropalı məmur bildirib.

Aİ diplomatiyasının rəhbəri ilə eyni ruhda çıxış edən Ukrayna prezidenti Volodimir Zelenski də Rusiya ilə müharibənin dondurulmasına qarşı çıxıb. Onun fikrincə, bu, gələcəkdə daha bir müharibə deməkdir.

- İnsanlar torpaqdan daha vacibdir. Torpağı qaytaracağıq, insanları isə yox. Biz bu qanunla yaşayırıq. Biz dondurulmuş münaqişənin əleyhinəyik. Biz üçüncü müharibə istəmirik. Əgər indi münaqişəni dondursaq, bu, çox böyük riskdir”, - deyə Ukrayna lideri bildirib.

Rusiyanın Ukrayna ilə müharibədə 650 minə yaxın ölü və yaralı itirdiyini iddia edən Volodimir Zelenski Çinin və Braziliyanın cəbhə xəttində vəziyyətin dondurulması ilə bağlı sülh təşəbbüslərini növbəti dəfə rədd edib.

“Biz müəyyən ölkələrdən təkliflər eşitməyə hazırıq. Hindistandan, Aİ-dən və Afrika qitəsindən gələn təkliflər. Braziliya və Çinin təklifləri varsa, buyursunlar, ancaq bizim formatımıza əsaslanaraq, çünki müharibə bizdə gedir”, - Ukrayna prezidenti “The Times of India” qəzetinə müsahibəsində vurğulayıb.

Maraqlıdır ki, Volodimir Zelenski Kazanda keçirilən BRİCS sammitinin uğursuzluğa düçar olduğunu iddia edib. Onun fikrincə, Rusiya prezidenti Vladimir Putin sammitə yeni iştirakçıları cəlb edə bilmədiyi və üzv ölkələrin bir çox əsas liderlərinin Kremlin gözləntilərini doğrultmadığı və tədbirə məhəl qoymadığı üçün sammit uğur qazanmayıb.

- BRICS-də birlik yoxdur. Təşkilat Putinin özü və onun hərbi siyasəti tərəfindən bölünüb. Onun zirvədəki məqsədi dünyanı qütbləşdirmək idi. Putin BRİCS-in məqsədlərini öz hərbi ambisiyalarına tabe etdirməyə çalışır və buna görə də dünyanı “Qərb-plyus” və “BRİCS-plyus” adlandırılanlara bölmək istəyir. Lakin bu günə kimi buna nail ola bilməyib”, - Ukrayna prezidenti deyib.

Eyni zamanda, Zelenski BRİCS-in təsisçilərindən biri olan Hindistanın Ukrayna və Rusiya arasında danışıqlar məkanına çevrilə biləcəyini deyib. Hindistanın baş naziri Narendra Modinin böyük təsiri olduğunu deyən Ukrayna prezidenti, Hindistanın Rusiya iqtisadiyyatının müharibəni maliyyələşdirməyə davam etmək qabiliyyətini sarsıda biləcəyini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Borrel   Zelenski   müharibə  





Xəbər lenti