"İrana hücumda “Ceyş əl-Adl” terrorçu təşkilatı da iştirak edib" - Politoloq

   "İrana hücumda “Ceyş əl-Adl” terrorçu təşkilatı da iştirak edib" -    Politoloq
  28 Oktyabr 2024    Oxunub:882
"İsrailin İrana hücum etdiyi gün ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Taftan bölgəsində 10 iranlı sərhədçi həlak olub. Sistan və Bəlucistan İranın ən həssas bölgələrindəndir. Bu bölgə silahlı qrupların tez-tez İran qüvvələrini hədəf aldığı hücumları və adam oğurluğu ilə məşhurdur".
AzVision.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

İsrail: “İranın strateji müdafiə potensialı məhv edilib”
Onun sözlərinə görə, son hücumalara görə məsuliyyəti “Ceyş əl-Adl” (ərəbcə “Ədalət Ordusu”) öz üzərinə götürüb:

"Qruplaşma bu il ərzində İran silahlı qüvvələrinə bir neçə dəfə hücum edib. Nəticədə onlarla İran hərbçisi həlak olub. Bəluclar İran hakimiyyətində təmsil olunmayıblar. Bəlucların bir qismi Tehranın onlara qarşı məzhəb ayrı-seçkiliyindən şikayətçidirlər. Digər tərəfdən Bəlucistan İranın ən kasıb əyalətidir. Bu amillər “Ceyş əl-Adl” qruplaşmasına Bəlucistanda terror hücumları təşkil etmək üçün zəmin yaradır. Silahlı bəluclar İrana qonşu olan Pakistana da problemlər yaradırlar".

Politoloq onu da xatırladıb ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu bu ilin yanvar ayında “Ceyş əl-Adl” qruplaşmasının Pakistandakı mövqelərinə zərbələr endirmişdi:

"Pakistan da buna cavab olaraq İran ərazisinə zərbələr endirdi. İki ölkə öz aralarında münasibətləri gərginləşdirməmək üçün bununla kifayətləndilər. Helikopter qəzasında həlak olan İranın keçmiş xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “İran Pakistanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir” açıqlamasını səsləndirməyi lazım bildi. Mərhum nazir Pakistan ərazisinə zərbələrin oradakı iranlı terrorçuların hədəf alınması kimi izah etmişdi.

Buna baxmayaraq, terrorçu qruplaşmanın sərhəddəki həmlələri hər iki ölkə üçün ciddi problemlər yaradır. İran İsraillə gərginlik içərisində olarkən “Ceyş əl-Adl” terrorçu təşkilatı ilə mübarizəni də gücləndirmək məcburiyyətindədir".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   İran   hücum   terror  





Xəbər lenti