Yuliya Navalnaya Qərbi qəzəbləndirib

   Yuliya Navalnaya Qərbi qəzəbləndirib
  28 Oktyabr 2024    Oxunub:1068
Ərinin, rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümündən sonra Yuliya Navalnaya Rusiya prezidenti Vladimir Putinin ən mühüm tənqidçisi hesab olunurdu. Ancaq indi onun Ukraynadakı müharibə ilə bağlı sözləri Qərbdə hiddət doğurub.
AzVision.az Almaniyanın “BİLD” qəzetinə istinadən xəbər verir ki, Yuliya Navalnaya “Die Zeit” nəşrinə müsahibəsində Ukraynanın Rusiyanın Kurs vilayətinə hücumuna münasibət bildirərkən bu addımın iki tərəfi olduğunu deyib. Onun fikrincə, bu cür hücumlar Rusiya xalqını daha da birləşdirəcək və Putinin gücünü gücləndirəcək.

Maraqlıdır ki, Yuliya Navalnaya Qərbin Ukraynaya silah verməsinin də birmənalı şəkildə düzgün qərar olduğunu şübhə altına alıb: “Bunu demək çətindir. Bombalar ruslara da dəyir”.

Həmçinin söhbət zamanı Navalnaya qeyd edib ki, bu, yalnız “Putinin müharibəsi” dir. Lakin ona ukraynalıları öldürənin adi rus hərbçiləri olduğunu xatırladanda xanım Navalnaya “Əlbəttə, insanlar döyüşür. Amma bu onun müharibəsidir” cavabını verib. Bununla belə, o, nə vaxtsa Rusiyanın Ukraynadan üzr istəməli olacağını vurğulayıb.

Almaniya Xristian Demokrat İttifaqının (XDİ) xarici siyasət üzrə eksperti Roderix Kizevetter “BILD” nəşrinə müsahibəsində Yukiya Navalnayanın Rusiya tərəfindən öldürülən ukraynalılara “heç bir rəhm bəsləmədiyini” iddia edib.

“Aydındır ki, o, Ukraynanın Rusiya ərazisinə hərbi hücumuna açıq şəkildə icazə verən və dəstəkləyən qanuni özünümüdafiə hüququnu başa düşmür. Navalnaya beynəlxalq hüquq çərçivəsində məsuliyyətli siyasət üçün etibarlı tərəfdaş deyil, əksinə Rusiyanın imperiya iddialarının vəkilidir”, - almaniyalı ekspert vurğulayıb.

Eyni zamanda tarixçi İlko-Saşa Kovalçuk “X” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, bu müsahibə ümid üçün çox az əsas verən rusiyalı müxalifətçini nümayiş etdirir.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Navalnaya   Ukrayna   Qərb  





Xəbər lenti