Astana sanksiyalardan yan keçməyin əleyhinədir

Astana sanksiyalardan    yan keçməyin    əleyhinədir
  24 Oktyabr 2024    Oxunub:996
Qazaxıstan rəhbərliyi ölkə ərazisindən anti-Rusiya sanksiyalarından yan keçmək üçün istifadə olunmasını istəmir.
AzVision.az xəbər verir ki, Qazaxıstanın Xarici İşlər nazirinin müavini Roman Vasilenko Polşanın “RAR” agentliyinə müsahibəsində belə deyib.

“Qazaxıstan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib və Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Eyni zamanda, biz istəmirik ki, ərazimizdən sanksiyalardan yan keçmək üçün istifadə olunsun. Astananın mövqeyinə həm Rusiyada, həm də Qərbdə anlayışla yanaşırlar”, - Vasilenko bildirib.

Hələ 2022-ci ilin yayında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirmişdi ki, Astana Moskvaya qarşı Qərbin sanksiyalarını pozmamalıdır, lakin Rusiya ilə iş davam edir. O, həmçinin sanksiyaların pozulması halında Astananın Qərbdən iqtisadiyyatla bağlı ikinci dərəcəli sanksiyaların tətbiq ediləcəyi barədə bildirişlər aldığını söyləmişdi.

Eyni zamanda, Qazaxıstan Prezidenti Administrasiyasının rəhbərinin birinci müavini Timur Suleymenov əmin edib ki, Qazaxıstan ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyalarından yan keçmək üçün alət olmayacaq.

Ötən ilin yazında Astanaya gələn ABŞ-nin maliyyə nazirinin köməkçisi Elizabet Rozenberq isə Qazaxıstan təşkilatlarına yeni sanksiyalar paketinin tətbiq olunması risklərinin artacağı barədə xəbərdarlıq edib. Qazaxıstanın Qərb ölkələrinin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərdən yayınmaqda Rusiyaya yardım edilməsi halında belə addımın atılması mümkündür.

Elə bu təhdidin nəticəsi olaraq, artıq ötən ilin oktyabrında Qazaxıstan Rusiyaya 106 növ malın satışına qadağa qoydu. Çoxları bunu sanksiyaların tətbiqi adlandırsa da, respublikanın Ticarət və İnteqrasiya Nazirliyi Astananın sanksiyalar tətbiq etmədiyini açıqlayıb. Bu qurum söhbətin Qazaxıstanın beynəlxalq öhdəliklərinə uyğun olaraq həyata keçirdiyi, ixrac nəzarətinə məruz qalan “ikili təyinatlı” malların ticarətindən getdiyini bildirib.

Dünən isə Qazaxıstanın baş nazirinin müavini Serik Jumanqarin Astananın Rusiyadan və Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan dövlətlərdən 2024-cü ilin sonuna qədər buğda idxalına qadağa tətbiq etdiyini açıqlayıb. Bu qadağa ölkənin daxili bazarında qiymətləri tənzimləmək zərurəti ilə əsaslandırılıb. Buna görə də Qazaxıstan hakimiyyəti ölkəyə buğda idxalında “boz sxemlərə” qarşı mübarizə aparmaq qərarına gəlib.

Maraqlıdır ki, bir sıra dövlətlərin, hətta NATO-nun aparıcı üzvlərindən biri olan Türkiyənin belə, ünvanına təhdidlər səsləndirən ABŞ, sanksiyalardan yan keçərək “parallel idxal” nəticəsində Rusiya ilə ticarət dövriyyəsini artıq bu ilin birinci yarısında 8,4 milyard dollara çatdırmış Ermənistana “gözün üstə qaşın var” demir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qazaxıstan   Rusiya   sanksiyalar  





Xəbər lenti