Fransa fermerləri üsyan qaldıra bilərlər

   Fransa fermerləri    üsyan    qaldıra bilərlər
  24 Oktyabr 2024    Oxunub:1020
Fransa fermerləri G20 sammitində Avropa İttifaqı (Aİ) ilə MERKOSUR arasında hazıralanan ticarət sazişinin imzalanmasından hiddətləniblər. Onlar, həmçinin dövlət başçısı Emmanuel Makronun milli təsərrüfat sahiblərinə verdiyi bir sıra vədləri yerinə yetirməməsindən narahatdırlar.
AzVision.az xəbər verir ki, “Spectator” nəşrinin fikrincə, bu, fransalı fermerlərin üsyanı ilə nəticələnə bilər.

“MERKOSUR ilə müqavilə Cənubi Amerikalılara Avropaya daha çox mal əti, şərab və taxıl göndərməyə imkan verəcək. Bu, Fransa kənd təsərrüfatı üçün fəlakət olardı”, - nəşrin dərc etdiyi məqalədə deyilir.

Materialda, həmçinin bildirilir ki, Fransanın əsas “FNSEA” əsas fermerlər assosiasiyası artıq hökumətə MERKOSUR ilə razılaşmanın “qırmızı xətt” olacağı və etirazlara gətirib çıxara biləcəyi barədə məlumat verib. Fermerlərin əhval-ruhiyyəsi onsuz da iqlim şəraiti (yağışlar buğda və üzüm məhsullarının rekord dərəcədə azalmasına səbəb olub, mal-qaralar arasında epidemiyalar başlayıb) ucbatından sarsılıb.

Fransa prezidenti Emmanuel Makron, öz növbəsində, fermerlərə maliyyə dəstəyi verəcəyini və Aİ-nin onlar üçün təhlükə yaradan ticarət sövdələşmələrinə girməməsinə nail olacağını vəd edib. Çünki, reallıqda MERCOSUR ilə razılaşma Fransaya ciddi ziyan vuracaq.

“Spectator” nəşrinin məlumatına görə, fermerlər artıq ölkənin müxtəlif yerlərində bir sıra etiraz aksiyaları keçiriblər, əsas etiraz mitinqinin noyabrın 15-də - G20-nin başlamasına üç gün qalmış keçirilməsi planlaşdırılır. Bəzi fermerlər həmkarlar ittifaqlarından kənar “nəzarətsiz reaksiya”nın mümkün ola biləcəyini vurğulayıralr.

Bundan əvvəl fransalı fermerlər Ukraynadakı münaqişə ilə bağlı təhlükənin yarandığını elan etmişdilər. Onlar bildiriblər ki, Ukrayna böhranı fermerlərin dolanışıq vasitələrini məhv edir, çünki bu, enerji qiymətlərinin artmasına səbəb olub.

Qeyd edək ki, MERKOSUR Cənubi Amerikanın ümumi bazarı haqında Argentina, Braziliya, Uruqvay, Paraqvay və Venesuela arasında imzalanmış iqtisadi-siyasi sazişdir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   MERCOSUR   Fransa  





Xəbər lenti