İlk növbədə hansı sosial ödənişlər artırılmalıdır? | ŞƏRH

   İlk növbədə hansı sosial ödənişlər artırılmalıdır?    | ŞƏRH
  20 Oktyabr 2024    Oxunub:2812
Gələn ildən ölkə üzrə minimum əməkhaqqı və pensiyalar artırılacaq. Buna əsasən, həm də gözlənilir ki, 2019-cu ildən bəri həyata keçirilmiş 4 sosial paketdən sonra sayca 5-ci icra olunacaq. Yəni sosial müavinət və təqaüdlər də artırılacaq.
Son 5 ildə Prezidentin Fərman və Sərəncamları ilə 2018-2023-cü illərdə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artırılmasını ehtiva edən 4 sosial islahat paketi icra edilib ki, bu da 4 milyondan çox vətəndaşı əhatə etməklə illik əlavə olaraq 7 milyard manata yaxın vəsaitin xərclənməsinə səbəb olub. Nəticədə 2019-dan bəri minimum aylıq əməkhaqqı 2,7 dəfə artaraq 130 manatdan 345 manata, minimum aylıq pensiya 2,5 dəfə artaraq 110 manatdan 280 manata çatıb. Ölkə üzrə orta aylıq nominal əməkhaqqıda 70%-dən çox, median əməkhaqqıda 2,1 dəfə, əməkhaqqı fondunda 2,5, orta aylıq pensiyada 2 dəfə, sosial müavinət və təqaüdlər üzrə ayrılan illik vəsaitdə 5 dəfəyədək, ünvanlı sosial yardımın orta aylıq məbləğində isə 2,9 dəfə artım əldə olunub.

Hər il əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ildə orta aylıq nominal əməkhaqqı göstəricisinin artım səviyyəsinə, o cümlədən, işləyən vətəndaşların maaşlarından tutulan məcburi dövlət sosial ayırmalarına əsasən formalaşan pensiya kapitalı məbləğlərinin də istehlak qiymətləri indeksinə uyğun hesablanması həyata keçirilib və keçirilir. Bu, qanunvericilikdən irəli gəldiyindən, sosial paket sayılmır və hər ilin əvvəlində həyata keçirilir.

Yeri gəlmişkən, 2025-ci ilin dövlət büdcəsi layihəsində sosial müdafiə və təminat xərclərinə xüsusi çəkisi 12,6% olmaqla 4 milyard 998 milyon manat ayrılıb. Bu da cari ilin büdcəsində nəzərdə tutulan 4 milyard 391 milyondan 607 milyon manat və yaxud 14% çoxdur.
Xatırladım ki, 2024-cü ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri əvvəl 4 milyard 542 milyon 200 min manat təsdiqlənmişdisə, ilin ortasında yenidən baxılaraq, 150 milyon 800 min azaldılıb, 4 milyard 391 milyon manat edildi.

Həm minimum əməkhaqqı və pensiya məbləğlərini, həm də bütün növ sosial müavinət və təqaüdləri artırmaq üçün 607 milyon manat yetərli sayılmaya da bilər. Çünki 17 növ aylıq, 6 növ birdəfəlik sosial müavinət, 14 növ Prezident təqaüdü mövcuddur. Ancaq son vaxtlar hər ilin ortasında dövlət büdcəsinə yenidən baxış zamanı Sosial Müdafiə Fondunun (DSMF) büdcəsindən proqnozlaşdırılandan müəyyən məbləğdə (100-150 milyon manatdan çox) vəsaitin izafi gəlir formasında kəsilərək geri qaytarıldığı nəzərdən qaçırılmalı deyil. Yəni, demək istədiyim budur ki, DSMF xətti ilə maliyyələşdirməni də nəzərə aldıqda sosial müavinət və təqaüdlərin bir qismini növbəti ildə artırmaq üçün imkan var və bu, mümkündür.

Bunlardan ən əsasları hesab edirəm, əlilliyə görə verilən sosial müavinətlər və Prezident təqaüdləri olmalıdır. Bura xüsusən, orqanizmi funksiyalarının 81-100% və 61-80%-ni itirmiş əlilliyi müəyyən edilən şəxslərə ödənilən aylıq sosial müavinətlər, həmçinin bu cür vətəndaşlara qulluğa görə verilən aylıq təqaüdlər və bu kimi ödənişlər daxildir.

Ümumiyyətlə, bütün növ sosial müavinət və təqaüdlər sırasında məhz əlilliyə görə ödənişlərə daha çox diqqət yetirilməlidir. O səbəbdən ki, bunların çoxu hazırda aşağı səviyyədədir. O insanların xüsusi qayğıya ehtiyacları var. Məsələn, orqanizmi funksiyalarının 81-100 % itirmiş şəxslərə qulluğa görə aylıq 100 manat məbləğində təqaüd ödənişi heç bir məntiqə uyğun gəlmir. Bu məbləğ artırılsa yaxşıdır.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Sosial   Təqaüd  





Xəbər lenti