Adı dəyişmək vaxtıdır: "Orta Asiya" yox, "Türküstan"!

 Adı dəyişmək vaxtıdır:  "Orta Asiya" yox, "Türküstan"!
  11 Oktyabr 2024    Oxunub:4870
Türkiyə "Orta Asiya" ifadəsini "Türküstan" ilə əvəz edir. Bu barədə Türkiyənin Təhsil Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, tarix fənni ilə bağlı əhəmiyyətli dəyişikliklər olub. Yeni kurikulumlarda “Mərkəzi Asiya” ifadəsi əvəzinə “Türküstan” anlayışından istifadə olunacaq.
Proqram 2024-2025-ci tədris ilindən məktəbəqədər təhsil müəssisələrində və məktəblərdə tətbiq olunacaq. Türkiyənin milli təhsil naziri Yusuf Tekinin sözlərinə görə, “Türküstan” ifadəsinə keçidin tarixi əsasları var. Çünki bu ada ilk dəfə türklərin yaşadığı əraziləri təsvir edən qədim mətnlərdə rast gəlinir.

“Türküstan” adlanan ərazi İranın Xorasan bölgəsindən başlayır, Pamirin şimal ətəklərindən və Əfqanıstanın şimalı daxil olmaqla Hindukuş-Kunlun dağlarından Çinin Donq Huanq bölgəsinə qədər uzanır. Oradan isə Mancuriyanın cənubu, Cənubi Sibir və Ural dağları da daxil olmaqla Qərbə çatır. Tarixi ərazi Volqa çayının Xəzər dənizinə çatdığı nöqtəyə qədər uzanan dağlarla əhatə olunmuş geniş bölgəni əhatə edir. Tarixi mənbələrdə bu ərazinin adı XIX əsrin ortalarına qədər “Türküstan” olub.

Ekspertlər Ankaranın məlum addımının gələcək nəsillərə türkçülük, milli kimlik və vətənpərvərlik hisslərini aşılamaq məqsədi daşıdığını deyirlər. Tarixçilər belə hesab edirlər ki, bu qərar çoxdan verilməli idi. Çünki həmişə türklərin ana vətəni hesab olunmuş bölgə məqsədli şəkildə dəyişdirilmiş terminlə deyil, tarixi adı ilə səsləndirilməlidir.

AzVision.az -a açıqlama verən Qars Qafqaz Universitetinin Siyasi Elmlər və Beynəlxalq Əlaqələr kafedrasının müdiri, pofessor Elnur Həsən Mikayıl deyib ki, tarix kitablarında yalnız bu terminin işlənməsi təqdir olunmalıdır.

“Bu doğru qərar idi. Çünki “Türküstan” dediyimiz bölgə tarixin qədim dövrlərindən türk tayfalarının, xalqlarının Vətəni, mədəniyyət beşiyi olub. İndi Türküstanda həmin xalqların yaratdığı müasir dövlətlər yerləşir. Amma onların formalaşması, “Türküstan” adının sıradan çıxarması təsadüfi baş verməyib. Bildiyiniz kimi qədim türk tayfaları Altay dağlarından yayılıblar. Biz uzun illərdir ki, onların yaşadığı məkanın bir hissəsinə sadəcə coğrafi bölgə kimi Orta Asiya deyirik. Əslində Qərb ölkələri üçün bu normal hal sayılır. Çünki Asiyanın mərkəzi sayıldığı üçün bu termin işlədilir. Amma türk xalqlarının yaşadığı geniş bir ərazi bizim üçün sadəcə Orta Asiya olmamalıdır”, - professor qeyd edib.

Elnur Həsən Mikayıl “Türküstan” izinin itirilməsindən də söz açıb. Onun sözlərinə görə, Rusiya imperiyası Asiyanın mərkəzini işğal etməmişdən əvvəl bu bölgə “Türküstan” olaraq tanınıb: “Tarixçilərin də qeyd etdikləri kimi Teymurləng dönəmində belə, Orta Asiya və ya Mərkəzi Asiya deyil məhz “Türküstan” termini işlənib. Sovet İmperiyası bölgədəki türk ölkələrini işğal etdikdən sonra onların yerləşdiyi məkanın adı da rəsmi sənədlərdə dəyişdirilməyə başladı. Daha “Türküstan” termini deyil, Mərkəzi Asiya ifadələri işlənməyə başlanılıb. Ruslar sanki xalqları bir yerə yığıb onlara “siz qazaxsınızsa, burada Qazaxıstan” və ya “qırğızsınızsa, Qırğızıstan olmalıdır” dedilər. Həmin dövrdə başqa hansısa türk birliyi, ümumiyyətlə “Türküstan” anlayışı olmamalı idi. Bir sözlə, Orta Asiya termini müstəmləkəçilik, "parçala, hökm sür" prinsiplərindən qaynaqlanaraq yarandı. Rusların yeganə məqsədi o idi ki, məlum prinsiplərlə bölgəni nəzarətdə saxlasınlar. Böyük imperiyalar hər zaman bu üsuldan istifadə ediblər və təssüf olsun ki, “Türküstan” adlanan ərazi də onun qurbanı oldu”.

Şuşada TDT-nın Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib
Professor Türkiyənin yenidən əvvəlki tarixi ada önəm verməsini alqışlayıb, Azərbaycana da bu çoxəsrlik termini tarix dərsliklərində yer verməsini məsləhət bilib.

“Biz müstəqil dövlətik və kimdənsə asılı olmadığımız üçün bu kimi qərarları sərbəst şəkildə veririk. Bizim də Orta Asiyaya “Türküstan” deməyimiz daha məqsədəuyğun olar. Təbii ki, bu kimi mühüm məsələlər ölkə rəhbərliyi, aidiyyəti qurumlar, AMEA, Təhsil Nazirliyi hətta Milli Məclisdən də asılı olur. Əgər cənab Prezident İlham Əliyev yeni dediyimiz əslində isə köhnə olan bu termini təqdir etsə, azərbaycanlı şagirdlərin də milli kimliklərini xatırladan məlum ifadəni işlətməsininin şahidi olacağıq”.

Bununla belə “Türküstan” məsələsinin rəsmi sənədlərə, dərsliklərə daşınmasının geopolitika anlamında bir sıra riskləri də var. Ekspertin fikrincə, əgər bizdə də Türkiyədəki kimi oxşar qərar verilsə, bir sıra ölkələr buna fərqli və geniş reaksiyalar verəcəklər. Nəinki, Çin və Rusiya, ABŞ belə bu məsələnin üstündən sakit keçməyəcək. Amma dünyada əsas söz sahibi olan ölkələr hər nə qədər istəməsələr də, böyük türk birliyi artıq qurulur: “Türküstan” ölkələri ilə Türkiyənin Azərbaycanın əlaqələri sıxlaşır, hətta mən deyərdim ki, türk imperiyası belə yavaş-yavaş bərpa olunur. “Turan” anlayışını qəbul etməyən məlum güclər türk dövlətlərinin hər zaman bir arada olmasını qəbul etmədikləri kimi, “Türküstan” terminin geniş istifadəsini də istəməyəcəklər. Hazırda bu istiqamətdə böyük işlər görülür, türk dövlətlərinin xalqlarının birliyini gücləndirmək üçün daha mühüm addımların şahidi olacağıq”.

Politoloq Elxan Şahinoğlu da "Türküstan" dövlətləri anlayışının dövriyəyə buraxılmasını müsbət qarşılayıb. O, artıq Qazaxıstandan məlum qərara müsbət reaksiyaların gəldiyini deyib.
Ekspert Azərbaycanın da bu istiqamətdə müəyyən addımlar atmasını vacib sayıb.

“Türkiyə Təhsil Nazirliyinin “Orta Asiya” ifadəsinin “Türküstan” olaraq dəyişdirilməsinə yönəlik verdiyi qərar və dərs kitablarında müvafiq dəyişikliklərin edilməsi önəmli hadisə idi. Türk dövlətləri arasında interqasiyaya xidmət edən bu qərarın geosiyasi əhəmiyyəti də var. Məni yeni terminlə desək, “Türküstan” dövlətlərinin Türkiyənin bu qərarına münasibəti maraqlandırırdı. Əvvəlcə illərdir dostluq etdiyim qazax həmkarım Nurqali Jusipbayla əlaqə saxladım. TRT-nın Astanadakı ofisində çalışan Nurqali Qazaxıstan rəsmiləri və ekspertlərinin Ankaranın qərarına müsbət yanaşdıqlarını söylədi”.
Ekspert digər “Türküstan” ölkələrinin də bu qərara münasibətinin mənfi olmadığını söyləyib: “Bu bölgəni bəziləri “Mərkəzi Asiya”, digərləri “Orta Asiya” adlandırsalar da, ən doğru termin elə “Türküstandır”. Məncə Azərbaycanda da belə tədbirlər görülsə, bu doğru addım və məntiqli bir qərarlar sayılacaq. Çünki biz yeni bir fikir ortaya atmırıq, tarixi adı geri qaytarmış oluruq”.

Tural Tağıyev
AzVision.az




Teqlər:   Türkiyə   Türküstan   Dərslik   Orta-Asiya  





Xəbər lenti