İctimai birlik sədri: “Azad olunmuş ərazilərdən seçiləcək deputatların üzərinə xüsusi məsuliyyət düşəcək”

   İctimai birlik sədri:    “Azad olunmuş ərazilərdən seçiləcək deputatların üzərinə xüsusi məsuliyyət düşəcək”
  27 Avqust 2024    Oxunub:743
“Budəfəki seçkilər bir sıra məqamları və əhəmiyyəti ilə şanlı tariximizə həkk olunacaq. İşğaldan azad olunmuş ərazilərə qayıdan keçmiş məcburi köçkünlər ilk dəfədir ki, öz deputatlarını doğma el-obalarından seçəcəklər. Azad olunmuş ərazilərdən seçiləcək deputatların üzərinə isə xüsusi məsuliyyət düşəcək”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Şəfəq” Ekoturizm İctimai Birliyinin rəhbəri Vamiq Babayev deyib.

O qeyd edib ki, bu seçkilər təkcə Qarabağ bölgəsində deyil, bütün Azərbaycanda mühüm siyasi proses kimi təşkil olunur: “Bildiyiniz kimi parlament seçkiləri ilə əlaqədar yerli müşahidəçilərin sayı 109 mini ötüb. Onların 5 mindən çoxu QHT və vətəndaş cəmiyyətini təmsil edir. Bu rəqəm prosesdə QHT-lərin mühüm rolunu göstərən amillərdən sayılır. Ümumilikdə isə seçkilər həqiqətən də tarixi əhəmiyyət daşıyır. Artıq laçınlılar, şuşalılar, kəlbəcərlilər öz doğma evlərindən çıxaraq seçki məntəqələrinə gedəcəklər. Xankəndidə ilk dəfə Milli Məclisə seçkilərlə bağlı seçki qutularının qoyulması belə bizi qürurlandırır. Biz uzun illər bu tarixi günləri gözləmişik. Xalq olaraq əzəli və tarixi torpaqlarımıza təkcə həyat qaytarmadıq, Qarabağa demokratik prosesləri də gətirdik”.
AzVision.az



Teqlər:





Xəbər lenti