Türkiyədə dövlət çevrilişinə cəhddən 8 il ötür

   Türkiyədə dövlət çevrilişinə cəhddən 8 il ötür
  15 İyul 2024    Oxunub:1098
Bu gün Türkiyədə baş verən dövlət çevirilişinə cəhddən 8 il ötür. 2016-cı ilin 15 İyulunda Türkiyə Silahlı Qüvvələrində xidmət aparan müəyyən qruplar hakimiyyəti devirməyə çalışmışdılar. Həmin vaxt prezident Rəcəb Tayyib Ərdoğan və hökumətə sadiq qüvvələr xalqın dəstəyi sayəsində çevriliş cəhdini əngəllədi. Ölkədə fövqəladə vəziyyət elan edildi.
AzVision.az xəbər verir ki, məlum hadisələr nəticəsində 251 nəfər ölüb, 2196 nəfər isə yaralanıb. Ölənlərə sonradan şəhidlik statusu verildi.

15 iyul qiyamından 2 il keçir
Türkiyə hakimiyyəti dövlət çevirilişinə cəhdin arxasında FETÖ terror təşkilatının dayandığını bəyan etdi. Hüquq-mühafizə orqanları çevrilişə cəhdin qarşısını aldıqdan sonra həbslərə başladılar. Bu günə qədər məhkəmə orqanları 704 min 554 şübhəli barəsində tədbir görüb. Məhkəmələrdə 125 min 338 müttəhim haqqında hökm çıxarılıb. 15 iyuldan sonra dövlət çevrilişinə cəhdlə bağlı ümumilikdə 289 cinayət işi açılıb. Nəticədə 4 min 891 nəfər həbs cəzasına məhkum edilib.

15 İyul hadisələrindən sonra Türkiyə hökuməti dövlət qurumlarında genişmiqyaslı "təmizləmə" əməliyyatları apardı. Minlərlə dövlət məmurunu, hərbçi və digər şübhəlilər vəzifələrindən kənarlaşdırılıb. Ümumilikdə indiyə kimi Türkiyə Silahlı Qüvvələrindən 23 min 859 nəfər azad edilib.

Bu qanlı çevriliş cəhdi Türkiyənin siyasi və sosial həyatına ciddi təsir göstərdi. Dövlət çevrilişi cəhdi beynəlxalq miqyasda geniş müzakirələrə səbəb oldu. Ölkənin daxili və xarici siyasətində mühüm dəyişikliklərə yol açdı.

Hər il bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi qeyd olunur.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Türkiyə   15İyul   çevriliş  





Xəbər lenti