Şimali Koreya hərbçiləri demarkasiya xəttini pozublar

Şimali Koreya hərbçiləri    demarkasiya xəttini    pozublar
  11 İyun 2024    Oxunub:831
Şimali Koreyanın 20-yə yaxın əsgəri demarkasiya xəttini keçib. Cənubi Koreya əsgərləri onlara xəbərdarlıq atəşi açıb.
AzVision.az xəbər verir ki, “Yonhap” agentliyi Cənubi Koreyanın Qərargah rəislərinin Birləşmiş Komitəsinə (JCS) istinadən belə məlumat yayıb.

Məlumatda Şimali Koreya əsgərlərinin iyunun 9-da günorta saatlarında mərkəzi bölgədəki demilitarizasiya zonası daxilində sərhədi keçdikləri bildirilir. Əks tərəfin xəbərdarlıq atəşindən sonra onlar sərhədin özlərinə aid olan tərəfinə qayıdıblar.

JCS-nin ehtimalına görə, demilitarizasiya zonasında missiya yerinə yetirən Şimali Koreya qoşunları sərhədi keçmək niyyətində olmayıblar. Əks təqdirdə onlar xəbərdarlıq edildikdən sonra dərhal geri qayıtmazdılar. JSC öz ehtimalını hazırda ərazini ot, kol-kos basması və bunun demarkasiya xətti nişanının görünməsini çətinləşdirməsi ilə əsaslandırır.

Şimali Koreyanın may ayının sonundan Cənubi Koreya ərazisinə zibil və peyinlə doldurulmuş yüzlərlə şar buraxmasından sonra sərhəddəki vəziyyət gərginləşib. Pxenyan bunu Şimali Koreya rəhbərliyini tənqid edən təbliğat vərəqələri olan hava şarlarının buraxılmasına cavab kimi izah edib.

Cənubi Koreyanın Mərkəzi Teleqraf agentliyi (KMTA) bildirib ki, mayın 28-i gecədən iyunun 2-si səhərə qədər Şimali Koreya Cənubi Koreya tərəfə 15 ton zibil göndərib. Pxenyanın iddiasına görə, bundan əvvəl cənubi koreyalı fəallar havaya Şimali Koreya rəhbərliyinə qarşı vərəqələrlə dolu şarlar, həmçinin pul, düyü və ya Koreya serialları olan fleş-disklər buraxıblar.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:





Xəbər lenti