Zelenskinin rəqibləri ABŞ ilə gizli danışıqlar barədə xəbərə reaksiya veriblər

   Zelenskinin rəqibləri ABŞ ilə gizli danışıqlar barədə xəbərə reaksiya veriblər
  06 Mart 2025    Oxunub:471
“Avropa Həmrəyliyi” partiyasının lideri Petro Poroşenko onun komandasının müharibə zamanı Ukraynada prezident seçkilərinin keçirilməsinin həmişə əleyhinə olduğunu bildirib.
AzVision.az xəbər verir ki, Ağ Evin Ukrayna prezidenti Volodimir Zelenskinin əsas rəqibləri ilə “gizli danışıqlar” apardığına dair məlumatlar ortaya çıxandan sonra “Facebook” səhifəsində belə paylaşım edib.

“Ukraynada prezident seçkiləri hərbi vəziyyətin başa çatmasından ən geci 180 gün sonra keçirilə bilər. Bundan əvvəl atəşkəs və təhlükəsizlik təminatı ilə sülh sazişinin imzalanması nəzərdə tutulur. Mənim komandam isə amerikalı tərəfdaşlarla “ictimai və şəffaf şəkildə” işləyir və bu danışıqların əsas mövzuları Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi, maliyyə dəstəyi və Ukraynaya silah tədarüküdür”, - Ukraynanın sabiq prezidenti vurğulayıb.

Vaşinqton Zelenskinin rəqibləri ilə gizli danışqılar aparıb
Həmçinin, Ukraynanın keçmiş baş naziri, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko da Vaşinqtonla “gizli danışıqlar” barədə məlumatı şərh edərək, müharibənin bitməsinə qədər seçkilərin keçirilməsinin mümkünsüz olduğunu bildirib.

““Batkivşina” komandası ədalətli sülhü tez bir zamanda təmin etməyə kömək göstərə biləcək bütün müttəfiqlərimizlə danışıqlar aparır. Bu ana qədər və mən bunu bir neçə dəfə demişəm, Ukraynada hər hansı seçkinin keçirilməsindən söhbət gedə bilməz”, - xanım Timoşenko öz “Facebook” səhifəsində yazıb.

Xatırladaq ki, bundan əvvəl amerikalı və ukraynalı mənbələrə istinad edən “Politico” nəşri Donald Trampın komnadasının təmsilçilərinin Volodimir Zelenskinin bir sıra siyasi rəqibləri ilə gizli görüş keçirdikləri barədə xəbər yayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Zelenski   rəqibləri   reaksiya  





Xəbər lenti