“Konstitusiya” sözü necə yaranıb

   “Konstitusiya” sözü necə yaranıb
  05 İyun 2024    Oxunub:5836
Ən çox işlənən hüquqi terminlərdən biri “konstitusiya” terminidir. Bu söz Əsas Qanunumuzun adı olduğundan, gündəlik həyatımızda da mextəlif peşə sahibləri (politoloqlar, iqtisadçılar, jurnalistlər və s.) və ictimaiyyət nümayəndələri tərəfindən tez-tez işlədilir. Bəs bu sözün mənşəyini bilirikmi? Onun hansı anlamı daşıması haqda nə dərəcədə məlumatlıyıq?
“Konstitusiya” sözündən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının vahid halda birləşmiş adını ifadə etmək məqsədilə istifadə olunub. Qeyd edək ki, bu söz həmin dövrdə dövlətin təməl quruluşunu deyil, imperatorun xüsusi fəaliyyətini, əmrlərini ifadə etmək mənasında işlədilirdi. Belə ki, Qədim Romada “konstitusiyalar” adlanan imperator sərəncamlarının aşağıdakı dörd növü fərqləndirilirdi: a) ediktlər; b) reskriptlər; c) mandatlar; d) dekretlər.

Eramızın V əsrinin birinci yarısında isə Qədim Romada ilk rəsmi məcəllələşdirmə aparılmış, imperator II Feodosi Konstantindən başlayaraq mövcud olan bütün konstitusiya¬ları özündə ehtiva edən və sistemləşdirən “Codex Theodosianus” - Feodosi məcəlləsi nəşr edilmişdir. Məcəllə 16 kitaba, kitablar isə ayrı-ayrı konstitusiyaların xronoloji ardıcıllıqla yerləşdirildiyi titullara bölünürdü. Məhz həmin məcəllənin nəşrindən sonra verilən konstitusiyalar “Feodosinin Novellaları” adını alıb. Göründüyü kimi, “konstitusiya” sözü əvvəllər müasir anlamından fərqli bir mənaya malik olub.

Latınca “constitutio” kimi yazılan bu söz ingiliscə və fransızca “constitution”, italyanca “constituzione”, ispanca “constitución”, portuqalca “constituição”, rusca “конституция”, özbəkcə “konstitutsiya”, azərbaycanca “konstitusi¬ya” kimi ifadə olunur. Həmin söz fransız dilindəki “yaranmaq”, “təşkil etmək”, “meydana gətirmək”, “qurmaq”, “təsis etmək”, “bərqərar etmək” mənalarını ifadə edən “constituer” felindən törəyən isimdir.

Bu məntiqdən çıxış etsək, “constitution” sözü Azərbaycan dilində də “yaranma”, “təşkil etmə”, “meydana gətirmə”, “qurma”, “təsis etmə”, “bərqərar etmə” kimi başa düşülməlidir. Fransız dilindəki “constituer” feli latınca “qoymaq”, “yerləşdirmək”, “meydana gətirmək”, “təsis etmək” mənalarını verir.

“Constituer” feli latınca “com” önsözü və “statuere” felindən yaranıb. “Com” (“Cum”) latınca “ortaqlıq”, “birlikdə” anlamını daşıyan sözönüdür. “Statuere” feli isə Hind-Avropa dilləri ailəsində “sta” sözünün kökündən gəlir və mənası “qoymaq”, “yerləşdirmək”, “təşkil etmək”, “sabitləşdirmək”, “dayandırmaq” mənalarını verir.

Müasir dövrdə hüquqi termin kimi işlədilən “konstitusiya” sözü dövlətin ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan ali qanunvericilik aktı mənasında işlədilir. Bu akt şəxsiyyət, cəmiyyət və dövlətlə bağlı ən mühüm münasibətləri tənzimləməklə yanaşı, dövlətin konstitusion quruluşunu, xalq hakimiyyəti və dövlətin əsaslarını təsbit edir, eləcə də ölkənin iqtisadi, siyasi, sosial, hüquqi, ideoloji və əxlaqi xüsusiyyətlərini əks etdirir.
Bundan başqa, dünya dövlətlərinin konstitusiyaları dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini, dövlət hakimiyyətinin və dövlət idarəçiliyinin başlıca müddəalarını, məhkəmə hakimiyyətinin sistemini, vətəndaşların, ictimai təşkilat, birlik, müxtəlif qurumların hüquq və azadlıqlarını müəyyən edir. Bu hüquqi terminin mənası “Azərbaycan dilinin izahlı lüğəti”ndə (Azərbaycan dilinin izahlı lüğəti. Dörd cillddə. III cild (K-R), Bakı: Elm, 1983, s. 92) belə verilib: “KONSTİTUSİYA (lat. Constitutio – quruluş). Bir dövlətin ictimai və dövlət quruluşunu, seçki sistemini, dövlət orqanlarının fəaliyyət və təşkilat prinsiplərini, vətəndaşların əsas hüquq və vəzifələrini müəyyən edən əsas qanunu...”

Hüquq ədəbiyyatından məlumdur ki, Konstitusiya hakimiyyətin əldə edilməsinin sivil və ümumqəbulolunmuş yo¬lu¬nu, hakimiyyətin sosial subyektlər arasında paylanmasının əsaslarını və məqsədlərini, üsul¬larını müəyyənləşdirir. Konstitusiya cəmiyyətin bütün üzvlərinin hüquqi statusunun əsa¬sı¬nı müəyyən edir və bununla da dövlətlə fərd arasındakı əlaqələrin ümumi konturlarını cı¬zır.

Dünyada ilk konstitusiya 1787-ci ildə ABŞ-da qəbul olunub. Sonralar qəbul edilmiş konstitusiyaların dünya dövlətləri üzrə xronoloji ardıcıllığı belədir: Fransa (1791), İsveç (1809), İspaniya (1812), Norveç (1814), Belçika (1831), İsveçrə (1848), İtaliya (1848), Prussiya (1848-1850), Danimarka (1849), Lüksenburq (1849), Yuna¬nıs¬tan (1864), Rumıniya (1866), Osmanlı İmperiyası (1876), Hollandiya (1887), Yaponiya (1889) və s.
Azərbaycan Respublikasında 1921, 1925, 1937, 1978 və 1995-ci illərdə konstitusiya qəbul edilib.

Bəzi dövlətlərdə “konstitusiya” sözünün sinonimi kimi “Qanuni-əsasi”, “Teşkilât-ı Esâsiyye Kanunu”, “Anayasa”, “Əsas Qanun” və s. kimi terminlərin də işlədilməsinə rast gəlinir. Məsələn, Osmanlı İmperiyasının 1876-cı il tarixli ilk konstitusiyası “Kanunu Esâsî” adlanırdı. Türk hüquqşünası Tarık Zafer Tunaya görə, fransızca “constitution” sözünə qarşılıq kimi “Kanunu Esâsî” sözünün təklif edilməsi ilk dəfə Sadrıazam Mehmet Sait Paşa tərəfindən irəli sürülmüşdür. “Esâsî” “əsl”, “əsasla əlaqəli” deməkdir. Buradan belə nəticəyə gəlmək olar ki, “Kanunu Esâsî” “Əsas qanun”, “Təməl qanun” mənalarını ifadə etdiyindən bu termin “konstitusiya” sözünün müasir anlamını tam əks etdirib.

Türkiyənin 1921-ci il tarixli konstitusiyasına “Teşkilât-ı Esâsiyye Kanunu” adı verilib. 1924-cü ildə də Türkiyə konstitusiyasının adı “Teşkilât-ı Esâsiyye Kanunu” kimi saxlanılıb. 10 yanvar 1945-ci ildə Türkiyənin “Teşkilât-ı Esâsiyye Kanunu”nun əvzinə “Anayasa” adlandırılan yeni konstitusiyası qəbul edilib, 1952-ci ildə “Anayasa” adı dəyişdirilərək köhnə ad (Teşkilât-ı Esâsiyye Kanunu) bərpa olunub, nəhayət, 1961 və 1982-ci il tarixli Türkiyə konstitusiyaları yenə də “Anayasa” adlandırılıb.

“Teşkilât-ı Esâsiyye Kanunu” ifadəsi “Kanunu Esâsî” termini ilə müqayisədə fransızca “constitution” sözünə daha uyğundur. Yuxarıda “constitution” sözünün “meydana gəlmə”, “qurma”, “təsis etmə” və s. kimi oxşar mənaları ifadə edən sözlərə uyğun tərcümə olunmasının düzgün olduğuna toxunmuşduq. Bu söz türkcə “oluşum”, “kuruluş” mənalarına uyğun gəlir. Bu baxımdan 1920-ci illərin türkcəsilə “təşkilat” sözü “constitution” sözünün ən dolğun tərcümə olunmuş variantıdır. Böyük ehtimal, “təşkilat” sözünə onu “hüquqi şəxs” mənasını daşıyan təşkilat sözündən ayırmaq üçün Türkiyənin 1921-ci il tarixli konstitusiyasının adına “Esâsiyye” sözü əlavə edilib ki, bununla da leksikona “Teşkilât-ı Esâsiyye” ifadəsi daxil olub. Bu yeni ifadə isə müasir türk dilində “esas teşkilat”, “temel kuruluş”, “ana kuruluş” mənalarını bildirir. 1921-ci il tarixli “Teşkilât-ı Esâsiyye” ifadəsinə “kanun” sözü əlavə edilib, nəticədə konstitusiya “Teşkilât-ı Esâsiyye Kanunu” adlandırılıb. Müqayisə üçün qeyd edək ki, fransızca “constitution” sözü ilə “qanun” mənasını ifadə edən “loi” sözü birləşərək “loi constitutionnelle”, yəni “Əsas qanun” ifadəsi meydana çıxıb.

“Anayasa” termininə gəlincə, bu, “ana” və “yasa” sözlərinin birləşməsindən əmələ gələn mürəkkəb sözdür. Türkcə “yasa” “qanun” mənasını bildirir. “Ana” isə məlum olduğu kimi “uşağı doğuran dişi” deməkdir. Bu mənada “anayasa” “qanunların anası”, “qanunları doğuran ana” mənasını ifadə edir. Bəzi dövlətlərdə konstitusiya termini əvəzinə “Əsas Qanun” ifadəsi işlədilir. Məsələn, Almaniyanın Konstitusiyası “Əsas Qanun” adlanır. Avstraliyada konstitusiya “İttifaq Kons¬ti¬tusiya Qanunu”, Kolumbiyada isə “Siyasi Konstitusiya” adlanır.

Beləliklə, sonda onu deyə bilərik ki, mənşəyi Qədim Roma hüququna gedib çıxan və həmin dövrdə dövlətin təməl quruluşunu deyil, imperatorun xüsusi fəaliyyəti və əmrlərini ifadə edən “konstitusiya” uzun bir tarixi yol keçərək ayrı-ayrı dövlətlərdə müxtəlif cür adlandırılıb, müasir dövrdə isə ali qanunvericilik aktının adı kimi dünyanın demək olar, əksər dövlətləri tərəfindən qəbul edilib.


Yunis Xəlilov
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi


Teqlər: Konstitusiya  





Xəbər lenti