Baş Prokurorluq korrupsiya pozuntuları barədə məlumat yayıb

Baş Prokurorluq korrupsiya pozuntuları barədə məlumat yayıb
  07 May 2024    Oxunub:1230
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış təhlillərə əsasən, təcrübədə konkret şirkətin mütəmadi olaraq satınalma proseslərində qalib olması faktlarına tez-tez rast gəlinir.
AzVision.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun təcrübədə satınalma prosesi ilə bağlı təchizatçılara münasibətdə tez-tez rast gəlinən korrupsiya pozuntuları barədə yaydığı məlumatda deyilir.

Məlumatda bildirilib ki, aparılmış ibtidai araşdırmalar zamanı sözügedən halın şirkət sahibi tərəfindən satınalma komissiyasının üzvlərinə rüşvət verilməsi, təchizatçılar tərəfindən yalan və ya təhrif olunmuş məlumatları özündə əks etdirən saxta sənədlərin tender komissiyasına təqdim edilməsi, qeyri-qanuni sövdələşmələrin həyata keçirilməsi, satınalma komissiyasının üzvləri ilə qohumluq və ya digər asılılıq münasibətlərinin gizlədilməsi və digər bu kimi səbəblərdən yaranması müəyyən edilib.

Bundan başqa, təcrübədə eyni şirkətlərin müxtəlif istiqamətlərdə satınalma proseslərində iştirakı faktlarına tez-tez rast gəlinir. Qeyd olunan hal da əsasən, təchizatçı tərəfindən yalan və ya təhrif olunmuş məlumatları özündə əks etdirən saxta sənədlərin təqdim edilməsi yolu ilə baş verir. Məsələn, bir şirkət guya həm tikinti işlərini həyata keçirir, həm informasiya-kommunikasiya texnologiyalarını, həm mal-material satır, həm qida təminatı ilə məşğul olur.

Digər bir xarakterik pozuntu benefisiar mülkiyyətçilərin qanunsuz hərəkətləri ilə bağlıdır. Belə ki, təcrübədə qeyd olunan hallara tez-tez rast gəlinir. Bir çox hallarda eyni şəxsə məxsus olan bir neçə şirkətin saxta sənədlərin təqdim edilməsi yolu ilə satınalmada iştirakı təmin edilməklə mütəmadi olaraq eyni şəxsin qalib elan olunmasına nail olunur.

Bundan başqa, təcrübədə təchizatçıların öz aralarında sövdələşərək kartel yaradıb əlverişsiz qiymət təklif etməklə öz aralarından müəyyən etdikləri təchizatçının qalib elan olunmasına cəhd etmələri hallarına da rast gəlinir.

Nə etməli?

Qeyd olunan halların qarşısının alınması üçün:

• satınalma komissiyası tərəfindən prosesdə iştirak etmək istəyən təchizatçı şirkətlərin status və fəaliyyəti əvvəlcədən müvafiq sorğuların verilməsi və açıq informasiya resurslarından məlumatların öyrənilməsi yolu ilə ətraflı şəkildə araşdırılmalı;

• Təchizatçının təsis olunma tarixi (fiziki şəxsə münasibətdə vergi uçotuna alınma tarixi), dövriyyəsi, illik gəliri, digər satınalmalarda iştirak tarixçəsi və öhdəliklərinin icra vəziyyəti qarşılıqlı-əlaqəli şəkildə təhlil edilməli;

• benefisiar mülkiyyətçilər müəyyən edilməli;

• istər təchizatçıları arasında, istərsə də təchizatçılarla komissiya üzvləri arasında qohumluq və ya digər asılılıq əlaqələri aşkar edilərsə dərhal bu barədə Komissiya sədrinə məlumat verilməli;

• Təchizatçılarla prosedurdan kənar münasibətlər yaradılmamaqla, komissiya ilə təchizatçılar arasında olan bütün görüş və digər təmaslar rəsmiləşdirilməlidir.

AzVision.az


Teqlər: Baş-Prokurorluq   korrupsiya   məlumat  





Xəbər lenti