COP29 üçün pavilyonların təşkili üzrə müraciətlərin qəbulu başlayıb

   COP29 üçün pavilyonların təşkili üzrə müraciətlərin qəbulu başlayıb
  24 Aprel 2024    Oxunub:766
2024-cü ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək tərəflərin pavilyonlar üzrə rəsmi müraciətlərinin qəbulu başlayıb.
COP29 Azərbaycan Əməliyyat Şirkətində AzVision.az -a verilən məlumata görə, konfransa hazırlıq prosesində Çərçivə Konvensiyasına daxil tərəflərin - 197 üzv dövlət və Avropa Birliyi olmaqla - 198 nümayəndə heyətinin ölkə pavilyonları və ofis məkanlarının təşkili böyük əhəmiyyət kəsb edir.

Əməliyyat Şirkəti Konfrans məkanının "Göy zonasında" yer alan ölkə pavilyonlarının qurulması üzrə ilkin müraciətlə çıxış edən maraqlı tərəflərin istəklərinin tam təfərrüatlı qəbulu və tərəflərin iştirakının yüksək səviyyədə təmin edilməsinə xidmət edən müvafiq proseduru artıq hazırlayıb beynəlxalq ictimaiyyətin diqqətinə təqdim edibdir.

COP tədbirlərində geniş təcrübəyə sahib olan “Orientations.events” şirkəti vahid prosesin təşkili və icrası üzrə tərəfdaş seçilmişdir. Ölkələrin iştirakını asanlaşdırmaq üçün rəqəmsal platforma olan “COP29 nümayəndəlik xidmətləri portalı” maraqlı tərəflərin istifadəsi üçün təqdim edilibdir. Portal nümayəndə heyətlərinə COP29-da iştirak üçün maraqlarını ifadə etməyə və onların Göy Zonada iştirakçılığı ərəfəsində bütün zəruri əlavə xidmətləri seçməyə imkan verir.

Bu ilin noyabrında Bakı Stadionu COP29 Konfransı, eləcə də Yaşıl Zona proqramı və tədbirləri üçün vahid məkan kimi xidmət edən beynəlxalq arenaya çevriləcək. BMT-nin təşkilatçı qrupu ilə birgə stadionun ərazisini COP29-un Göy və Yaşıl Zonalarına ayıran müfəssəl plan tamamlanma mərhələsindədir.

AzVision.az


Teqlər: Azərbaycan   COP29  





Xəbər lenti