Yeni rektor ağsaqqalları bir araya topladı

Yeni rektor ağsaqqalları bir araya topladı
  01 İyul 2014    Oxunub:908
Azərbaycan Dövlət İqtisad Universitetində “Ağsaqqallar Şurası” yaradılıb.
ADİU-nun İctimaiyyətlə Əlaqələr Şöbəsindən AzVision.az-a verilən məlumata görə, şuranın yaradılmasında məqsəd ali təhsil ocağında fəaliyyət göstərən qocaman müəllimlərin pedaqoji, elmi, təlim-tərbiyə, inzibati iş təcrübəsini universitet rəhbərliyi, əməkdaşları və tələbələri ilə bölüşmək, ümumrespublika təhsil, elmi, humanitar proseslərində universitetin nüfuzunun artırılmasına dəstək göstərməkdir.

Ağsaqqallar Şurası ADİU-nun inkişafının kompleks və strateji proqramlarının və digər tənzimləyici sənədlərin işlənib hazırlanmasında iştirak etmək, tələbələrə universitetin inkişaf tarixi, onun elmi və tədris məktəbləri ilə tanış olmalarında yardımçı olmaq hüququna malikdir. Həmçinin Elmi Şura qarşısında müxtəlif profilli fəxri adların verilməsi, əməkdaşların maddi və mənəvi stimullaşdırılması ilə bağlı vəsadət qaldıra bilər.

Şuraya universitetin inkişafına önəmli töhfələr vermiş, tədris, elmi, inzibati və ictimai fəaliyyətdə böyük təcrübəyə malik, 65 və daha yuxarı yaşı olan nüfuzlu əməkdaşların cəlb edilməsi nəzərdə tutulur.

Şuranın tərkibi 15 nəfərdən çox olmamaq şərti ilə rektor tərəfindən müəyyən olunur. Sədr, sədrin müavinləri və katib Ağsaqqallar Şurasının ümumi iclasında səs çoxluğu ilə iki il müddətinə seçilir. Şuranın ilk iclası sentyabr ayında keçiriləcək.


Teqlər:





Xəbər lenti