QMİ-dən Ramazan təqvimi ilə bağlı Açıqlama

QMİ-yə daxil olan məlumatlara görə, ölkə ərazisində bəzi məscidlər, o cümlədən, İçərişəhər Cümə, Məşədi Dadaş və Təzəpir adından müxtəlif təqvimlər insanlara paylanılır. Bu təqvimlərdə göstərilən iftar və imsak vaxtları fərqli olub, əhali arasında çaşqınlıq yaradır.
İdarə bununla bağlı bildirir ki, yayılan həmin təqvimlər etibarsızdır və təxribat xarakteri daşıyır: "Belə ki, bu şəkildə çap edilib yayılan təqvimlərin məqsədi Azərbaycan müsəlmanları arasında təfriqə yaratmaq, mənəvi birliyimizə xələl gətirməkdən başqa bir şey deyildir. Əhalini sayıq olmağa, belə təxribatlara uymamağa çağırırıq".
QMİ-nin hazırladığı təqvim İdarənin rəsmi veb-saytında (qafqazislam.com) yerləşdirilib. Əhali həmin təqvimin nüsxələrini məscidlərdən də pulsuz əldə edə bilər.