`Jurnalistlər həbs olunmayacaq`

`Jurnalistlər həbs olunmayacaq`
  29 İyun 2014    Oxunub:977
“Müğənni Mətanət İskəndərlinin Aznews.az saytının baş redaktorunu və əməkdaşını məhkəməyə verməsi, mətbuatda baş verən digər məsələlər kimi, Mətbuat Şurasının diqqətindədir”.
AzVision.az xəbər verir ki, bunu aktual.az-a Mətbuat Şurasının sədri Əflatun Amaşov müğənni Mətanət İskəndərlinin Aznews.az saytının baş redaktoru Elçin Zahiroğlu və əməkdaşı İntiqam Valehoğlu ilə bağlı məhkəməyə müraciət etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, doğrudan da, saytda qarşı tərəf haqqında fakta əsaslanmamış məlumat verilib və jurnalist peşə davranış qaydalarının prinsiplərini pozub: “Ancaq biz onu da müşahidə etdik ki, Aznews.az saytında qarşı tərəfin fikirlərini də öyrənməyə cəhd olunub. Çox yaxşı olardı ki, qarşı tərəf bu cür məsələlərlə bağlı Mətbuat Şurasına müraciət edəydi. Və bu məsələ də MŞ-də müzakirə olunar və hadisəyə qiymət verilərdi. Həm də bu sayaq məsələlər ondan doğur ki, jurnalistlər aldıqları informasiyanı dəqiqləşdirmək üçün qarşı tərəfə müraciət edirlər, amma qarşı tərəf onların müraciətini vaxtında cavablandırmır və nəticəsi də belə acınacaqlı olur".

Ə. Amaşov deyib ki, bu cür vəziyyətlərdə qarşı tərəfə məsləhət verərdik ki, xüsusi ittihamla 147.1 maddəsi ilə jurnalistləri həbs etmək tələbi ilə məhkəməyə müraciət etməsinlər:

“Mən də hesab edirəm ki, bu məsələdə jurnalisti həbs etdirmək cəhdindənsə, MŞ-yə üz tutmalı və məsələ MŞ-də tərəflərin iştirakı ilə müzakirə olunmalı, həqiqət üzə çıxarılmalı, günahkar tərəflə bağlı müvafiq qərar qəbul edilməlidir. Bu, bizim cəmiyyət, jurnalistika, ümumiyyətlə, şou-biznes üçün daha faydalı ola bilərdi. Nəinki jurnalisti həbs etdirmək cəhdini etmək. Sonda onu da bildirim ki, məhkəmənin jurnalistlərin həbsi ilə bağlı hökm verəcəyinə inanmıram və hesab edirəm ki, məsələ qarşılıqlı anlaşma yolu ilə öz həllini tapacaq”.

Xatırladaq ki, müğənni M. İskəndərli Nərimanov rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edərək, barəsində yazılan “narkoman” ifadəsinə görə hər iki jurnalistin (Cinayət Məcəlləsi. maddə 147.1) həbsini tələb edib.

Məlumata görə, bundan əvvəlki məhkəmə proseslərində iddiaçı tərəf jurnalistlərin həbsində maraqlı olduğunu gizlətməyib və öz mövqeyindən geri çəkilməyəcəyini açıqlayıb. Bu isə qarşıdakı prosesdə jurnalistlərin ciddi təhlükə ilə üzləşə biləcəklərindən xəbər verir.


Teqlər:





Xəbər lenti