Çavuşoğlu: “Azərbaycanın uğurlarına sevinirik”

Bu barədə AzVision.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Oqtay Əsədov ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasında iştirak etmək üçün ölkəmizə səfərə gələn qonağı salamlayaraq beynəlxalq tədbirlər çərçivəsində nümayəndə heyətlərimizin görüşlərinin mütəmadi xarakter aldığını söyləyib. Bildirilib ki, strateji tərəfdaşlar kimi hər iki ölkənin nümayəndə heyətləri prinsipial məsələlərdə eyni mövqedən çıxış edir, bir-birini dəstəkləyirlər. Bu gün Azərbaycan-Türkiyə münasibətləri digər dövlətlər üçün nümunə ola biləcək səviyyədədir.
Oqtay Əsədov ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək sessiyası, burada müzakirə olunacaq məsələlər barədə fikirlərini bölüşüb, tədbirin yüksək səviyyədə keçirilməsi üçün lazım olan bütün işlərin görüldüyü deyib. Bildirilib ki, sessiyada müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfi öz mövqeyini bildirəcək.
Türkiyənin Avropa Birliyi üzrə naziri Mövlud Çavuşoğlu ölkəmizə növbəti səfərindən məmnun olduğunu deyib. O, Bakının ev sahibliyi etdiyi ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasının yüksək səviyyədə keçəcəyinə əminliyini bildirib.
Qonaq Azərbaycan-Türkiyə əlaqələrinin bu günü və inkişaf perspektivləri barədə fikirlərini bildirib, ölkəsinin həmişə Azərbaycanın yanında olduğunu, onun uğurlarına qəlbən sevindiyini vurğulayıb.
Görüşdə parlamentlərarası əlaqələrin inkişafı, beynəlxalq təşkilatlarda nümayəndə heyətlərinin birgə fəaliyyəti və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: