Nazir vətəndaşlara söz verdi

Nazir vətəndaşlara söz verdi
  27 İyun 2014    Oxunub:970
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.
Kənd təsərrüfatı naziri Heydər Əsədov iyunun 27-də Samuxda vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Daşkəsən, Göygöl, Yevlax, Goranboy, Xocalı, Kəlbəcər və Samux rayonlarından olan 40-dan atıq vətəndaşın müraciətinə baxılıb.
Müraciətlər əsasən texnika çatışmazlığı, istehsal olunan məhsulun satılmasında qarşıya çıxan problemlər, suvarma artezian quyularının bərpa olunması, mineral gübrələrin qiymətlərinin aşağı salınması, kənd təsərrüfatı sahələrinin genişləndirilməsi üçün güzəştli kreditlərin verilməsi, fərdi yaşayış evlərinin tikilməsi üçün həyətyanı torpaqların ayrılması və digər məsələlərlə bağlı olub.

Nazir hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, müraciətlərin bir çoxu yerində həll olunub, qaldırılan məsələlərin qanunvericiliyə uyğun və mümkün qədər qısa müddətdə həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Qəbulda iştirak edən Daşkəsən rayonunun fermerləri nəsli kəsilməkdə olan arıların süni mayalama yolu ilə artırılması məsələsini nazirin diqqətinə çatdırıblar.

Nazir Heydər Əsədov bu məsələnin həlli üçün yerindəcə tapşırıq verib.

Nazir artıq ölkədə kənd təsərrüfatı sahəsinin daha da inkişaf etdirilməsi üçün müəyyən işlər görüldüyünü və bunun üçün mühüm addımlar atıldığını da açıqlayıb.

Qəbuldan əvvəl nazir Heydər Əsədov “Aqrolizinq” ASC-nin Gəncə rayonlararası təchizat bazasında 52 fermerə yeni “Belarus” tipli traktorların açarlarını və sənədlərini təqdim edib.
Fermerlərlə söhbət zamanı nazir onları narahat edən problemlərin diqqət mərkəzində olduğunu və nazirliyin bütün strukturlarının bu problemlərin həlli istiqamətində daim çalışdığını söyləyib. Eyni zamanda, Heydər Əsədov subsidiya alan şəxslərin siyahısının artıq nazirliyin internet saytında yerləşdirildiyini və fermerlərdən bu siyahılar ilə tanış olub öz fikirlərini nazirliyin “Qaynar xətt”inə (1652) çatdırmalarını xahiş edib.

Daha sonra nazir Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin Samux Rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının təməlinin qoyulması mərasimində iştirak edib.


Teqlər:





Xəbər lenti