Putinin qızının ilk müsahibəsi: "Bizim üçün insan həyatı ən yüksək dəyərdir"

      Putinin qızının ilk müsahibəsi:    "Bizim üçün insan həyatı ən yüksək dəyərdir"
  12 Yanvar 2024    Oxunub:1986
Rusiya prezidenti Vladimir Putinin böyük qızı Mariya Vorontsova ilk dəfə müsahibə verib.
AzVision.az xəbər verir ki, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin elmlər üzrə dekan müavini Mariya Vorontsova qeyri-kommersiya təşkilatı "Medtech.Mocsow"a danışıb.

Müsahibə dekabrın 16-da baş tutsa da, YouTube kanalına yeni yüklənib. Tez bir zamanda da bütün dünyanın diqqətini çəkib. Çünki Putinin illərdir gözdən kənarda qalan 38 yaşlı qızı Vorontsova ilk dəfə öz həyatı ilə bağlı müsahibə verib.

Həyat təfərrüatları Kreml tərəfindən açıqlanmayan Vorontsova Putinin keçmiş həyat yoldaşı Lüdmila Putinadan olan iki qızından biridir. O, uşaq endokrinoloqu və hollandiyalı iş adamı Jorrit Joost Faassen ilə evlidir

Müsahibəsində qlobal tibbi inkişaflardan bəhs edən Vorontsova bildirib ki, uşaqlıqdan həkim olmaq istəsə də, sonradan elmi sahəyə yönəlib.

Onun Rusiyanın insan mərkəzli bir cəmiyyət olduğunu ifadə edərək, "Bizim üçün insan həyatı ən yüksək dəyərdir" deyə qeyd etməsi birmənalı qarşılanmayıb. Lakin Vorontsovanın bu sözləri sosial şəbəkələrdə böyük əks-səda doğurub. Sosial media istifadəçiləri ona Çeçenistan, Suriya və Ukraynanı xatırladıb.

Vorontsova 42 dəqiqəlik müsahibə boyu Putinin atası olmasından və Putinlə münasibətlərindən bəhs etməyib. O, yalnız boş vaxtlarını necə keçirdiyindən danışıb. Sörfinq və xizək sürməyi çox sevdiyini bildirən Vorontsova idman həvəskarı olduğunu bildirib: "Həftədə ən azı bir neçə saatımı sağlam həyat tərzinə və idmana ayırıram. Gözəl olan hər şey mənim üçün ilham mənbəyidir: Rəsm əsərləri, muzeylər, teatrlar, musiqi”.

Müsahibənin aparıcısı və “Medtech.Moscow”un baş direktoru Vyaçeslav Şulen gənc qadına atası ilə bağlı heç bir sual verməyib.

Qeyd edək ki, Mariya Vorontsova və bacısı Katerina Tixonova prezident atalarının Ukraynaya qarşı müharibəyə başlamasından sonra ABŞ və Avropanın tətbiq etdiyi sanksiyalara məruz qalıblar.



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti