Döyüşə blogerlər gedir

   Döyüşə blogerlər gedir
  01 Aprel 2025    Oxunub:896
Qalmaqallı bloger Yelena Blinovskaya Ukrayna müharibəsinə qatıla bilər. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
"Svetskie xroniki" Telegram kanalının məlumatına görə, “marafon kraliçası” kimi ad çıxarmış bloger rusların xüsusi hərbi əməliyyat adlandırdığı döyüş bölgəsində PUA-ların yığılması və bölmələr arasında logistika işinin təşkili ilə məşğul olacaq. Onun orduya cəlb edilməsi istiqamətində əlavə məlumat verilməyib.

Döyüşə satanistlər gedir - Məşhur rus qatil Ukraynada yaralanıb
Xatırladaq ki, Rusiya məhkəməsi martın 3-də Elena Blinovskayanı çirkli pulların yuyulması və ödənişlərin qeyri-qanuni dövriyyəsi ittihamı ilə ümumi rejimli cəzaçəkmə müəssisəsində beş il müddətinə azadlıqdan məhrum edib.

Blinovskaya 2023-cü il aprelin 27-də avtomobili ilə Rusiyanı tərk etməyə cəhd edərkən saxlanılıb. Müstəntiqlərin araşdırmalarına görə, o, 2019-2021-ci illər arasında ümumilikdə 900 milyon rubldan çox vergi ödəməkdən yayınıb. 2025-ci ilin fevral ayının sonuna qədər, cərimələr də nəzərə alınmaqla, onun vergi borcu 1,4 milyard rubla qədər artıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Müharibənin gedişində Rusiyada cəza çəkən xeyli sayda ağır cinayətkarın döyüşlərdə ölməsi və ya əsir düşməsini əks etdirən kadrlar yayıldı. Sonradan məlum oldu ki, Müdafiə Nazirliyi məhbusların bağışlanması, "ağ kağız" alması üçün şans yaradır. Artıq bir neçə ildir ki, həbsxanalarda olanlar da nazirliklə müqavilə bağlayaraq döyüşlərə qatıla bilirlər.

"Öz günahlarını yumaq", azadlığa çıxmaq üçün döyüşlərə qatılanlar arasında hətta körpə qızını yandırıb həyətində basdırmış manyak da var. Məhbuslar 6 aylıq müqavilə imzaladıqdan sonra əvvəllər "Vagner"in nəzarətində olmuş "Şturm Z" adlı batalyonlara cəlb edilirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Məhbus   Döyüş  





Xəbər lenti